Ayətullah Cavadı Amulinin şərəfinə İmam Əli (ə) Ziyarətgahında tədbir

Ayətullah Cavadı Amulinin şərəfinə İmam Əli (ə) Ziyarətgahında tədbir təşkil olunub.

Müqəddəs İmam Əli (ə) Ziyarətgahının Fikri və Mədəni İşlər Şöbəsi, böyük mərcəyi-təqlid Ayətullah Şeyx Abdullah Cavadı Amulinin elmi və fəlsəfi səylərini qiymətləndirmək məqsədilə möhtəşəm bir təltif mərasimi təşkil edib.

Tədbirdə Müqəddəs Ziyarətgahın baş katibi xidmətçi Seyyid İsa Xərrasan, onun müavini, idarə heyətinin üzvləri, şöbə rəhbərləri, hövzənin alim və tələbələri, eləcə də bir sıra akademik şəxsiyyətlər iştirak ediblər.

Ayətullah Cavadi Amulii tədbirdə çıxış edib.

O, Qurani-Kərimin və Əhli-Beyt (ə) məktəbinin mövqeyini izah edərək bildirib ki, Qurana dərin və düzgün anlayış yalnız paklanmış şəxslər – Əhli-Beyt vasitəsilə mümkündür. Onun sözlərinə görə, “ləyəmsəhu illəl-mutəhhərun” ayəsində qeyd edilən “mutəhhərlar” – Həzrət Əli (ə) və onun pak övladlarıdır.

Ayətullah Amuli əlavə edib ki, Qurani-Kərimin həqiqi təfsirçiləri yalnız Əhli-Beyt məktəbində tərbiyə almış şəxslərdir.

O, həmçinin Nəcəf elmi hövzəsinin tarix boyunca İslam dünyasına verdiyi töhfələri vurğulayaraq bildirib: “Bu hövzə bərəkətli bir məktəbdir və bütün digər hövzələrin üzərində haqqı vardır. O, Həzrət Əlidən (ə) ilham alaraq daim elmi və mənəvi bərəkətin mənbəyi olmuşdur”.

Ayətullah Cavadı Amuli çıxışı zamanı özünün çoxcildlik “Təsnim” təfsiri haqqında da danışaraq bildirib ki, bu əsər 40 illik zəhmətin və 4 nəsil tələbənin birgə əməyinin nəticəsidir.

Çıxışının sonunda o, Qəzzada İsrail tərəfindən törədilən cinayətləri kəskin şəkildə pisləyərək deyib:
“Biz Qəzzada baş verən fəlakəti unutmamalıyıq. İsrail və onun havadarları daim xəyanət içindədir. Qurani-Kərim buyurur: “Sən onlardan daim xəyanət görəcəksən”. Biz Allahdan bu zalım rejimin və onun himayədarlarının məhvini diləyirik.”

Mərasimin sonunda, Müqəddəs Əli Ziyarətgahının baş katibi Seyyid İsa Xərrasan, hərəmin mübarək bayrağını təqdir və ehtiram əlaməti olaraq Ayətullah Cavadı Amuliyə təqdim edib.

Tədbirin əvvəlində isə Seyyid İsa Xərrasan və Höccətülislam Seyyid Məhəmmədəli Bəhru’l-Ulum tərəfindən çıxışlar edilib. Onlar Ayətullah Amulinin elmi nüfuzunu yüksək qiymətləndirərək Nəcəf və Qum hövzələri arasında Quran və Əhli-Beyt irsi əsasında formalaşan dərin əlaqələrə diqqət çəkiblər.