Ayətullah Sistaninin nümayəndəsi Kerman vilayətinə səfər edib

Böyük mərcə Ayətullah Əl Üzma Seyid Sistaninin tam səlahiyyətli nümayəndəsi Ayətullah Seyid Cavad Şəhristani,13 aprel axşam saatlarında Qum elmi hövzəsinin alim və mütəxəssislərindən ibarət heyətlə birlikdə Kerman şəhərinə daxil olub.

Şafaqna xəbər agentliyinin Kerman bürosunun məlumatına görə, Ayətullah Şəhristani axşam saatlarında şəhid Bahünər beynəlxalq hava limanında Vəliyyi-fəqihin Kerman nümayəndəsi və Kermanın cümə imamı Höccətülislam vəl-müslimin Əlidadi, habelə vilayət valisi doktor Talebizadə və bir sıra mülki və hərbi məsul şəxslər tərəfindən qarşılanıb.

Səfərin ilk proqramı Kerman şəhərinin şəhidlər xiyabanına ziyarətlə başlayıb; burada Ayətullah Şəhristani müqəddəs müdafiə və təhlükəsizlik şəhidlərinin ruhuna hörmət göstərib, şəhid general Hacı Qasım Süleymaninin məzarı üzərində Fatihə oxuyub.

Səfərin ikinci günü, Ayətullahul-üzma Sistaninin tam səlahiyyətli nümayəndəsi Kerman şəhərində yerləşən Salehiye Elmi Hövzəsinə baş çəkməsi ilə davam edib. Burada o, tələbələr, müəllimlər və hövzə alimləri ilə görüş keçirib.

Tədbirdə çıxış edən vilayətin cümə imamı Əlidadi, Ayətullah Şəhristaninin müxtəlif ictimai və mədəni sahələrdəki fəaliyyətlərini və ümumi faydalı xidmətlərini yüksək qiymətləndirib. O, həmçinin şəhid Süleymani ilə bağlı xatirələrini bölüşüb və onun xalqla olan sadə davranışlarından danışıb.

Daha sonra, Alulbeyt Qurani-Kərim Hafizləri İnstitutunun müdiri Məhəmməd Əli İslami və Ayətullah Şəhristaninin müşayiət heyətindən olan digər nümayəndələr Qurani-Kərimin əzbər metodlarını nümayiş etdirib. Ardınca, heyət adından Höccətülislam Xadəmi çıxış edərək, Ühüd döyüşünün ildönümü münasibətilə İmam Əli (ə) haqqında vilayət və fəzilət mövzusunda danışıb.

Sonrakı proqramda Ayətullah Şəhristani Kerman vilayətinin Müqəddəs Atabatın Bərpası İdarəsinə baş çəkib, İraqdakı müqəddəs ziyarətgahların bərpası ilə bağlı görülən işlərlə tanış olub və bu istiqamətdə keçirilən “Turbət Hüseyni” sərgisini ziyarət edib.

Səfərin davamında, 14 aprel axşamı Ayətullah Şəhristani Sircan şəhərinə gedib. Yolda Bərdsir şəhərinin cümə imamı, ruhani və tələbələrlə görüşüb. Sircanda isə şəhərin cümə imamının ofisində tələbələr və şəhər rəhbərləri ilə görüşlər keçirib.

Axşam saatlarında isə Golkohar Sənaye və Mədən Kompleksini ziyarət edən Ayətullah Şəhristani burada idarəçilər və əməkdaşlarla səmimi mühitdə görüş keçirib. O, bu görüşdə ölkənin gənc istedadlarına və insan kapitalına diqqət yetirilməsinin vacibliyindən danışıb, parlaq zəkaların və elmi potensialın ölkədən kənara axın etməsindən narahatlığını ifadə edib. O vurğulayıb ki, hər kəs olduğu yerdə bu istedadları aşkarlayıb, yetişdirməli və faydalı istiqamətdə yönləndirməlidir.

Ayətullah Şəhristani həmçinin, region ölkələrinin süni intellekt və innovativ texnologiyalar sahəsindəki sərmayələrinə işarə edərək bildirib ki, təəssüf ki, biz bu istiqamətdə hələ yolun əvvəlindəyik və daha da təəssüfvericisi odur ki, təbii istedadlara və gənclərimizin fitri qabiliyyətlərinə lazımi diqqət yetirilmir

 

 

 

.Az.shafaqna.com