Dini fəal həbsxanada fiziki təzyiqə məruz qalıb

17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən dini fəal Bəxtiyar Babaşov fiziki təzyiqə məruz qalıb. Bu barədə onun həyat yoldaşı, jurnalist və hüquq müdafiəçisi Arzu Abdulla məlumat verib.

Noyabrın 30-da o, ərinin cəza çəkdiyi müəssisənin qarşısında etiraz aksiyası keçirib.

O, ərinə və digər məhbuslara qarşı zorakılığın dayandırılmasını tələb edib.

“Bəhanə də bu olub ki, Bəxtiyarın əynindəki gödəkçə uzundu, papağı dimdiklidi. Onun qısa gödəkçəsini yumağa aparmışdım. Rejim rəisi Samid Qafarov onun üstünə cumub. Sinəsindən tutub divara çırpıb. Yumruqla vurub. Bu, nə deməkdir? Kefim istəyir, səni döyə bilərəm? Buna kim bu ixtiyarı verir»– Arzu Abdulla bildirib.

Onun sözlərinə görə, cəzaçəkmə müəssisəsinə köçürülən məhkumlar əvvəl bir müddət karantində saxlanılır. O müddətdə məhbusun yanına gətirilən ərzaq və başqa məhsullar bir sıra hallarda müəssisədəki mağazaya verilərək satılır.

Arzu Abdulla baş verənlərlə əlaqədar Penitensiar Xidmətə şikayət edib. Lakin bu qurumdan onun dediklərini təkzib ediblər. Penitensiar Xidmətdən deyilib ki, Samid Qafarov tərəfindən Bəxtiyar Babaşova qarşı zorakılıq olmayıb

Penitensiar Xidmətdən məsələ ilə bağlı şərh almaq mümkün olmayıb.

Bəxtiyar Babaşev 2023-cü ilin martında narkotik alverində ittiham edilərək həbs edilib. Həmin ilin oktyabrında məhkəmə onu 4 il müddətinə azadlıqdan məhrum edib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.

 

 

Turan.az