Qərblə düşmənçilik Rusiyanı husilərlə birləşdirir

Yəməndəki husilər bir ildən çoxdur ABŞ-ın Qırmızı dənizdəki gəmilərinə hücum edir və atəş açırlar. Husilərin raket və dron hücumları mühüm qlobal ticarət yolunda problemlər yaratma səbəbindən ABŞ ilə Britaniya hüsilərin maniəsini aradan qaldırmaq üçün Yəməni tez-tez havadan bombalayır.

ABŞ mediası Rusiyanın husilərə hədəf seçməkdə kömək göstərdiyinə dair xəbərlər dərc etməyə başlayıb. Hədəflərin də çoxu Qərb şirkətlərinə məxsus ticarət gəmiləri, yaxud İsrailə yollanan və İsraildən gələn gəmilərdir.

Ekspertlər deyirlər ki, Rusiya husilərlə əməkdaşlığını genişləndirməkdədir. Bu sırada hər iki tərəflə yaxın dost münasibətdə olan İran da diqqətdən yayınmamalıdır. Vaşinqton ABŞ-ın təchiz etdiyi silahlardan Ukraynanın istifadəsinə qoyduğu qadağanı yumşaldıb. Buna cavab olaraq Moskva hətta husilərə müasir silahlar da verə bilər.

 

"Elə də örtülü olmayan təhdid"

"Onun ABŞ-a göndərdiyi mesaj budur ki, Rusiya istəsə, həyatı çox ağrılı edə bilər. Bu, Vaşinqtonun Ukraynaya yardımına cavab tədbiri kimi yozula biləcək elə də örtülü olmayan təhdiddir", - Nyu-Yorkda yerləşən "Soufan Group" kəşfiyyat konsaltinq şirkətinin siyasət və araşdırma proqramının direktoru Kolin Klark belə deyir.

Husilər Qırmızı dənizdə Qərb və İsrail hədəflərinə hücumlarının İsrailin Qəzza zolağında bir ildən artıqdır ki, apardığı dağıdıcı müharibəyə cavab olduğunu deyiblər. Onlar Qəzzada atəşkəs əldə edilənədək hücumlarını sürdürəcəklərinə söz veriblər. Qırmızı dənizdə gəmilərə hücumları yetərli saymayan husilər İsrailə raket və dron zərbələri də endirirlər.

Qəzza savaşı İsraili əsasən, husilər, HƏMAS, "Hizbullah", eləcə də İraq və Suriyadakı şiə silahlı qruplaşmaları ilə qarşı-qarşıya qoyub. Ekspertlər deyirlər ki, Rusiyanın husilərə dəstəyi Kremlin qlobal miqyasda Qərbə qarşı durmaq və antiqərb silahlı qrupları gücləndirmək narrativi ilə üst-üstə düşür.

ABŞ mediası və kəşfiyyatı son aylarda husilərin Qırmızı dənizdə ticarət gəmilərinə hücumuna kömək etmək məqsədilə Rusiyanın onlara kəşfiyyat, o cümlədən peyk bilgiləri ötürdüyü haqda xəbərlər yayır.

İyul ayından bəri Kremlin husilərə hətta gəmi əleyhinə raketlər də verə biləcəyinə dair hədələr səsləndirməsi, ancaq ABŞ və Səudiyyə Ərəbistanının Rusiyanı bu fikirdən daşındırması haqda xəbərlər çıxır.

Ekspertlər bildirirlər ki, ABŞ-ın noyabrın 17-də Ukraynanın uzunmənzilli taktiki raket sistemlərindən (ATACMS) Rusiya ərazisindəki hədəfləri vurmaq üçün istifadəsinə icazə verməsindən sonra bu durum dəyişə bilər.

Bildirilir ki, Rusiya husilərdən Qırmızı dənizdə gəmilərin hərəkətini əngəlləmək üçün yararlanır. Bundan başqa, Yəməndən Ukraynaya qarşı döyüşlərə qatılacaq döyüşçülər toplayır. Moskva bu yolla Rusiya gəmilərinin Qırmızı dənizdən rahat və güvənli şəkildə keçməsini də təmin edir.

 

2014-cü ildə Yəməndə dağıdıcı vətəndaş savaşı başlanandan bəri husilər ölkənin şimal-qərbini və Qırmızı dənizin sahilini öz nəzarətlərində saxlayırlar.

Ekspertlər husilərin Rusiya ilə əlaqələrini genişləndirməkdən faydalandığını deyirlər.

"Soufan Group"dan Klark deyir ki, Rusiya kəşfiyyatı üsyançılara Qırmızı dənizdə Qərb gəmilərini daha dəqiq hədəfə almağa kömək edib. Onun sözlərinə görə, bu, həm də onu göstərir ki, husilər "idarəolunmaz terrorçu dəstə" deyil.

"Əksinə, onlar ölçü-biçili aktor, Yaxın Şərqdə get-gedə daha iri oyunçuya çevrilən və bunu asimmetrik üsullarla gerçəkləşdirən bacarıqlı təşkilatdır", - Klarkın sözləridir.

ABŞ kəşfiyyatının bilgisinə görə, husiləri silah texnologiyaları və raket hissələri ilə təchiz edən İran onların əsas hərbi dəstəkçisidir.

Ekspertlərin fikrincə, üsyançılar Rusiyanın raket texnologiyasından ciddi ölçüdə yararlana bilərlər. ABŞ Konqresinin Yaxın Şərq üzrə keçmiş təhlilçisi Kennet Katsman deyir ki, bu texnologiyalar Tehranın təchiz etdiyi silahlardan "xeyli daha dəqiq və effektivdir".

"Rusiya silahları husilərə hətta ABŞ və koalisiya hərbi gəmilərini uğurla vurmaq imkanı da verə bilər. Husilərin gerçəkdən ABŞ-ın hərbi dəniz gəmisini vurması Qırmızı dənizdə münaqişəni çox böyük ölçüdə gərə bilər", - Katsman belə deyir.

 

 

AzadlıqRadiosu