Bəhruz Səmədovun nənəsinə etibarnamə verməsi ilə bağlı müraciəti rədd edilib

Həbsdə olan sülh fəalı və akademik tədqiqatçı Bəhruz Səmədova öz adına olan bank hesabından istifadə etməsi üçün nənəsinə etibarnamə verməyə icazə verilmir.

İctimai fəal Səbinə Rəhimovanın yaydığı məlumata görə, bu barədə Bəhruz Səmədov telefon danışığında nənəsi Zibeydə Osmanovaya məlumat verib. Fəalın nənəsinə etibarnamə verilməsi ilə bağlı müraciəti əvvəlcə aşağı instansiya məhkəməsi, daha sonra isə Bakı Apellyasiya Məhkəməsi tərəfindən rədd edilib.

B.Səmədovun yaxınları bildiriblər ki, onun bank hesabında mərhum valideynlərinin satdığı evdən əldə olunan vəsait var. Fəal həmin puldan özünün və nənəsinin ehtiyaclarını qarşılamaq üçün istifadə etmək istəyir.

“Bəhruz heç nə istəmir. Sadəcə deyir ki, 83 yaşlı nənəm öz pensiyasından, qohumların verdiyi 20–30 manat yardımdan xəcalət çəkir. Öz doğma anasından ona qalan pulun hər dəfə az-az ona çatmağını istəyir”, - ictimai fəal Əmrah Təhməzov sosial mediada yazıb.

Çexiyanın Karlov Universitetinin doktorantı olan Bəhruz Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 2024-cü il avqustun 21-də həbs edilib.

O, 2025-ci il iyunun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum olunub. Sülh fəalı dövlətə xəyanətdə ittiham edilir.