"Toplum TV işi" üzrə həbsdə olan, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanov gəlirlərini ictimaiyyətə açıqlayıb.
A.Qurbanov bildirib ki, istintaq orqanının iş üzrə təqsirləndirilən 9 nəfərin adına təqdim etdiyi gəlir 1,038,618 manat olsa da, onun əldə etdiyi rəsmi sənədlər bu iddianı alt-üst edir.
A.Qurbanov özünün və həyat yoldaşının əmək haqları barədə arayışları və bank çıxarışları ilə göstərib ki, onun həbs olunduğu 2024-cü il 6 mart tarixinə qədər gəliri 729,026 ABŞ dolları, milli valyuta ilə 1,239,344 manat təşkil edib.
"Yəni bu, hakimiyyətin 9 nəfərimiz adına göstərdiyindən də düz 200,726 azn artıqdır. Hələ mən digər dostların rəsmi gəlirlərini bura əlavə etmədim. Beləliklə, bu qədər gücü, zorakı aparatı hər cür özbaşınalıqdan yayınmayan “Tək adam” rejiminin 3 güc orqanının, onun nəzarətində olan propaqanda maşınının, yalanlarının təqdim etdiyi sübutu təkcə mənim bu 2 sənədim darmadağın edir. Millətimizə xatırladıram ki, respublikaçı olan bizlərlə “Tək adam” rejimi quran Əliyev hakimiyyətinin fərqi də budur", - o əlavə edib.
A.Qurbanov prezident İlham Əliyev və digər rəsmiləri də gəlirlərini bəyan etməyə çağırıb.
"Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. Onlar öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.
Bütün bu yalanları təkcə mənim bu 2 sənədim darmadağın edir