Təhlükəsizlik, yoxsa təbii sərvətlər: Tramp Qrenlandiyanı almaqda niyə israr edir?

ABŞ prezidenti Donald Tramp Danimarkaya məxsus Qrenlandiya adasını almaq istəyini hələ 2019-cu ildə, birinci prezidentliyi dövründə dilə gətirmişdi. 

Həmin vaxt daha çox zarafat kimi anlaşılan bu ideya Trampın seçkini uduzub vəzifədən getməsi ilə bir növ yaddan çıxmışdı. 

Lakin ötən ilin yanvarında ikinci dəfə prezidentlik səlahiyyətlərinə başlayan Tramp tezliklə Qrenlandiya, Panama kanalı və hətta Kanadanı ABŞ-yə qatmaq fikrini səsləndirdi. 

Bu il yanvarın 3-də Venesuela prezidenti Nikolas Maduronun amerikalı hərbçilər tərəfindən tutularaq ABŞ-yə gətirilməsindən sonra isə Trampın Qrenlandiyanı almaq barədə ritorikası intensivləşib. 

O, demək olar ki, hər gün ya “Truth Social” platformasında, ya jurnalistlər önündə, ya da xarici ölkə başçıları ilə ünsiyyətində ABŞ-nin məhz “milli təhlükəsizliyini qorumaq məqsədilə” Qrenlandiyanı almalı olduğunu deyib. 

Trampın yanvarın 19-da Norveçin baş naziri Yonas Qar Storeyə göndərdiyi məktubunda da Norveçin Nobel Komitəsi tərəfindən verilən Nobel Sülh Mükafatına layiq görülməməsindən gileyləndiyi, ardınca Qrenlandiya ilə bağlı hədələrini səsləndirdiyi görünür. 

“Danimarka Qrenlandiyanı Rusiya və ya Çindən qoruya bilməz. Belə baxanda niyə onların bu ada üzərində “mülkiyyət hüququ” var? Yazılı sənədlər yoxdur, sadəcə yüz illər əvvəl oraya bir qayıq düşürüblər”, - o qeyd edib. 

“Qrenlandiyanın müdafiəsi bilirsiniz nədən ibarətdir? İki dənə it xizəyindən. Rusiya və Çinə məxsus sualtı gəmilər isə hər yerdədir”, - Tramp yanvarın 12-də jurnalistlərə deyib.

Dünyada ən böyük ada olan Qrenlandiya həm də dünyada əhalisi ən seyrək olan ərazi kimi tanınır. Əhalisi təxminən 56 min nəfərdir və onların əksəriyyəti yerli inuit xalqına mənsubdur.

Şimali Amerika ilə Arktika arasında yerləşməsi isə adanı mümkün raket hücumları zamanı erkən xəbərdarlıq sistemləri üçün, eləcə də bölgədəki gəmilərin izlənməsi baxımından əlverişli edir. 

ABŞ adada İkinci Dünya Müharibəsindən bəri hərbi havadan müdafiə bazası olan Pituffik Kosmik Bazasını idarə edir. Hazırda baza raketlərin izlənməsi ilə məşğuldur. 

Yanvarın 15-də Ağ Evdə ABŞ vitse-prezidenti Ceyms Vens və dövlət katibi Marko Rubio ilə görüşən Danimarka xarici işlər naziri Lars Lok Rasmussen deyib ki, ölkəsi ABŞ-nin Qrenlandiyada əlavə bazalar açmasına etiraz etmir. 

Buna görə də, siyasi təhlilçilər Trampın Qrenlandiyanı almaq istəməsinin milli təhlükəsizliklə əlaqəli olduğuna inanmırlar. Əksəriyyət düşünür ki, bu, əslində, adanın zəngin mineral ehtiyatları ilə bağlıdır. 

Son illərdə Qrenlandiyanın təbii sərvətlərinə - nadir torpaq elementləri, xüsusilə də uran və dəmirə maraq artıb. Ada ərazisində əhəmiyyətli neft və qaz ehtiyatlarının da ola biləcəyi ehtimal olunur. Qlobal istiləşmənin adanı örtən buz təbəqəsinin əriməsinə səbəb olması ilə bu resurslar daha əlçatan hala gələ bilər. 

Zəngin mineral ehtiyatları Trampın başqa ölkələrlə, o cümlədən Ukrayna ilə münasibətlərində də diqqət mərkəzində olub. Lakin o, Qrenlandiyanı məhz təbii sərvətlərinə görə istəməsi fikrini təkzib edib. 

Danimarka və Qrenlandiya liderləri dəfələrlə adanın satılmayacağını deyiblər. Tramp administrasiyasının rəsmiləri isə Qrenlandiyanı almaq barədə artıq hərbi müdaxiləni də istisna etmirlər. 

Trampın əsas məsləhətçilərindən olan Stiven Miller bildirib ki, “Qrenlandiyadan ötrü heç kim ABŞ ilə müharibəyə getməyəcək”. 

Lakin ABŞ dövlət katibi Marko Rubio konqresmenlərlə görüşündə ABŞ-nin əsas planının adanı işğal etmək deyil, satın almaq olduğunu deyib və ABŞ prezidenti də sonradan məhz bu varianta üstünlük verdiyini bildirib. 

Tramp yanvarın 17-də Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, Böyük Britaniya, Niderland və Finlandiyanı onun adanı satın almaq planına qarşı çıxacaqları təqdirdə yeni tariflər tətbiq edəcəyi ilə hədələyib. 

Yanvarın 20-də o, “Truth Social” platformasında süni intellektlə hazırlanmış, Qrenlandiyaya ABŞ bayrağı sancdığını göstərən foto paylaşıb. 

Avropa İttifaqı ölkələrinin liderlərinin bu həftə Davosda keçirilən forum çərçivəsində Qrenlandiyanı müzakirə etmək üçün fövqəladə iclas keçirəcəyi gözlənilir. Tramp da Davos forumunda iştirak edəcək.