Zərif özünün “həbs olunma” xəbərinə münasibət bildirib

İranın sabiq xarici işlər naziri doktor Məhəmməd Cavad Zərif yaydığı rəsmi bəyanatla son günlərdə onun barəsində irəli sürülən iddiaları qəti şəkildə təkzib edib.

Zərif bəyanatında bildirib ki, səsləndirilən iddialar tamamilə yalandır, əsası yoxdur və aşağı səviyyəli qrup maraqlarının irəli aparılması məqsədi daşıyır.

Zərif qeyd edib ki, bu uydurma iddialar ölkə daxilində bəzi iddiaçı qrupların xaricdəki tanınmış muzdur şəbəkələrlə həmrəyliyi nəticəsində ortaya çıxıb və İsrail rejimi mediası tərəfindən sui-istifadə olunub. Onun sözlərinə görə, bu cür yalan məlumatların dəfələrlə İsrail rejiminə bağlı media orqanları tərəfindən gündəmə gətirilməsi İran üçün təhlükəli bir tendensiyadır.

Bəyanatda vurğulanıb ki, bu yalan xəbərlər İsrail rejiminin baş naziri Benyamin Netanyahunun və onun ətrafının İran əleyhinə uydurma təqdimatlar qurmasına zəmin yaradır. Zərif bildirib ki, ABŞ-ın radikal media orqanlarında dərc olunan son məqalələrdə bu dairələrin İranı zəiflətməyə yönəlmiş niyyətləri açıq şəkildə görünür.

Sabiq nazir əlavə edib ki, illərdir saxta inqilabçılıq görüntüsü altında yalan, böhtan və iftiraya əl atan şəxslərin toxunulmazlıq mühiti ölkəyə ciddi zərər vurub və bu cür hallara son qoyulmalıdır.