Yeni qaydalar Türkiyə və Hindistandakı neft-emalı zavodlarına güclü zərbə vurub

Avropa Birliyinin Rusiyadan neft məhsullarının idxalını qadağan edən yeni qaydaları Türkiyə və Hindistandakı neft-emalı zavodlarına güclü zərbə vurub.
AzadlıqRadiosunun müxbiri Rey Förlinq yazır ki, ABŞ-nin Rusiyanın neft şirkətlərinə sanksiyaları, Venesueladan tədarükə blokada, İrana zərbə ilə bağlı qeyri-müəyyənlik və yekunda AB-nin yeni qaydaları beynəlxalq neft tədarükü bazarında qeyri-stabilliyi artırır. AB-nin yeni qadağaları iyulda 18-ci sanksiyalar paketi çərçivəsində elan olunub və neft emalı zavoduna idxalı azaltmaq üçün əvvəlcədən vaxt verilib.
“Yaxın həftələr bu bütün dünyada ən vacib müzakirə mövzularından biri olacaq. Hindistan neft etmalı zavodları artıq Rusiyadan tədarükü dayandırdıqlarını deyiblər. Türkiyəyə gəlincə isə onlar Rusiya nefti alırlar, amma tədarük 20-30% azalır”-deyə “Kpler”dən analitik Sumit Ritoliya deyir.
Azalmaya baxmayaraq, ekspertlər bəzi neft emalı zavodlarının neftin mənbəyini gizlədə biləcəklərini istisna etmirlər. Üstəlik, AB-nin Böyük Britaniya və Serbiya kimi ölkələrə etdiyi istisnalar Rusiya neftindən hazırlanan məhsulların AB-yə reeksportuna şərait yarada bilər.
Başqa bir məsələ isə Türkiyə və Hindistanın qəbul etməkdən imtina etdiyi Rusiya neftini Çinin qəbul edəcəyidir. Təkcə dekabrda Rusiyadan Çinə neft ixracında 23%-lik artım qeydə alınıb. Kolumbiya Universitetindən Erika Dauns deyir ki, bu mərhələdə Çinin böyük olmayan neft emalı zavodları Rusiya üçün “xilas ola bilər”. Onlar Çinin neft emalı gücünün 20%-ni təmin edirlər:
“Çinin Hindistan və Türkiyənin imtina etdiklərini tam həzm edə bilməyəcəyini əminliklə söyləmək olar. Amma bu müəssisələr görsələr ki, endirim kifayət qədərdir, onlar üçün risk qəbulediləndir o zaman daha çoxuna gedəcəklər. Belə şirkətlərin çoxunun ABŞ-nin dollara əsaslanan maliyyə sisteminə girişi yoxdur. Əgər ABŞ Çində neft qəbuluna görə neft terminalına sanksiya tətbiq etsə, onda onlar deyəcəklər ki, “artıq biz sanksiya altındayıq, biz sadəcə onu qəbul etməyə davam edəcəyik””.