Bloqer Rəşad Ramazanov 5 il 4 ay azadlıqdan məhrum edilib

Bloqer Rəşad Ramazanov bu gün, fevralın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində 5 il 4 ay azadlıqdan məhrum edilib.

Bu barədə Azadlıq Radiosuna onun yoldaşı Könül Ramazanova məlumat verib. Onun sözlərinə görə, məhkəmə prosesi tələm-tələsik bitib: "Hələ dindiriləsi bir şahid var idi. Bu gün gəlməmişdi, amma buna baxmayaraq bir gün içində həm dövlət ittihamçısı çıxış elədi, 10 il həbs istədi, həm də məhkəmə qərarı oldu".

K.Ramazanova qeyd edib ki, yoldaşına geniş son söz deməyə imkan yaradılmayıb: "Elə sadəcə hakim soruşub ki, özünə bəraət istəyirsən? Rəşad deyib, bəli, istəyirəm. Vəssalam".

Bloqerin yoldaşı bildirib ki, qərardan apellyasiya şikayəti verəcəklər: "Yoldaşım günahsızdır. Hətta məhkəməyə gələnlər ona qarşı ifadə verməyiblər. Yoldaşımın həbsinin hər bir günü uşaqlarının ömründən oğurlanıb. Yoldaşıma azadlıq tələb edirəm".

Xanımının bu açıqlamasına, hələlik, Bakı Ağır Cinayətlər Məhkəməsi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Bloqer R.Ramazanov 2022-ci il mayın 20-də həbs olunmuşdu. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü ( küllü miqdarda qanunsuz olaraq narkotik vasitələri,... hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham irəli sürülmüşdü.

Bu, onun ikinci həbsidir.

Xatırlatma

R.Ramazanov birinci dəfə 2013-cü ilin mayında həbs olunub və daha sonra külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə 9 il azadlıqdan məhrum edilib. Yerli hüquq-müdafiə təşkilatları onun həbsinin sosial şəbəkələrdə hakimiyyəti tənqid etməsi ilə əlaqələndiriblər və onu siyasi məhbus kimi tanıyıblar. O, həbsindən əvvəl həm də dini mövzuda yazıları və tənqidləri ilə yadda qalıb. Beynəlxalq hüquq müdafiə təşkilatı "Amnesty International" R.Ramazanovu "vicdan məhbusu" kimi tanıyıb.

2019-cu ilin martında R.Ramazanov əfv sərəncamı ilə vaxtından əvvəl azad edilib.

Amma rəsmilər ölkə həbsxanalarında siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər sırf törətmiş olduqları əmələ görə məsuliyyətə alınıblar.