45 ildən sonra etiraf: Ayətullah Sədr işi yekunlaşdı, qatillərə ölüm hökmü verildi

İraq məhkəməsi ölkənin aparıcı şiə dini lideri Ayətullah Məhəmməd Baqir əs-Sədr və onun bacısı Bint əl-Hudanın 1980-ci ildə edam edilməsində məsul olan iki keçmiş BƏƏS rejimi məmurunu ölüm cəzasına məhkum edib.

Qərar bazar günü İraq Milli Təhlükəsizlik Agentliyi tərəfindən ictimaiyyətə açıqlanıb. İraq Cinayət Məhkəməsi müttəhimlər Saadun Sabri və Heysəm Əbdül Əzizi İraqda Dava Partiyasının qurucusu Ayətullah Sədr və onun bacısının edamında birbaşa iştirakda təqsirli bilib.

İraq Milli Təhlükəsizlik Agentliyindən verilən açıqlamaya görə, müttəhimlər keçmiş BƏƏS rejimi dövründə təhlükəsizlik bölmələrində müxtəlif vəzifələr tutduqlarını və sözügedən edamı həyata keçirdiklərini etiraf ediblər.

Onlar ifadələrində Sədr və onun bacısını Bağdadın Cisr Diyala bölgəsində necə edam etdiklərini, sonra isə cəsədləri gizli şəkildə Nəcəf şəhərinə apardıqlarını ətraflı təsvir ediblər.

Ayətullah Məhəmməd Baqir Sədr və onun bacısı Bint əl-Huda 1980-ci ildə Səddam Hüseynin rəhbərlik etdiyi Baas rejimi tərəfindən “İran İslam Respublikası ilə əməkdaşlıq etmək və dövlətə qarşı sui-qəsd qurmaq” ittihamı ilə edam edilib.

Bu ilin əvvəlində tutulan müttəhimlərin etirafları İraq təhlükəsizlik qüvvələri və Ali Məhkəmə Şurası tərəfindən ictimaiyyətlə paylaşılıb.