Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi Gürcüstanda fəaliyyət göstərən "Lancet” klinikasının həmtəsisçisi Fərman Ceyranlını axtarışa verib.
Onun hansı səbəbdən axtarışa verilməsi rəsmi açıqlanmasa da, Meydan TV bununla bağlı məlumatları əldə edib.
Hüquq-mühafizə orqanlarındakı mənbənin bildirdiyinə görə, F.Ceyranlı Cinayət Məcəlləsinin 137 (insan orqan və ya toxumalarının alqı-satqısı, onların transplantasiya məqsədilə götürülməsinə məcbur etmə), 144-1 (insan alveri) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə axtarışa verilib. O, böyrək satışında ittiham olunur.
"Bu iş İnsan Alverinə Qarşı Mübarizə İdarəsində yox, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanıb. Kökü isə gedib Dövlət Təhlükəsizliyi Xidmətinə çıxır. DTX ölkədə insanların böyrəklərini satması faktlarıyla bağlı araşdırma aparıb, satanlarla alanlar arasında vasitəçilik etmiş şəxsi həbs edib. Sonradan cinayət işi istintaq davam etdirilməsi üçün prokurorluğa verilib. Fərman Ceyranlı barədə iş də həmin cinayət işindən ayrılıb", - Meydan TV-yə bildirilib.
DTX-nın həbs etdiyi Tahir Xudadatovun məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilir. Hələ ki, ona hökm oxunmayıb. İstintaq materiallarında insanların zorla böyrəyini satdıqları iddia olunsa da, məhkəmədə şahidlər imkansızlıqdan, öz istəkləri ilə orqanarını satdıqlarını söyləyiblər.
F.Ceyranlının bu işlə əlaqəsinə gəlincə, iddia olunur ki, Azərbaycanda böyrəyini satanlarla alanlar öz aralarında razılaşandan sonra hər iki tərəf İrana gedib. Orada Mohsen Tahiri adlı həkim işlədiyi klinikada onları müayinədən keçirib, transplantasiyanın uyğun olub-olmadığını müəyyənləşdirib. Nəticə müsbət olanda böyrək köçürmə əməliyyatı Gürcüstanda F.Ceyranlının rəhbərlik etdiyi "Lanset" klinikasında baş tutub.
İstintaq iranlı həkim Mohsen Tahiri və Fərman Ceyranlını böyrək alverilə məşğul olan dəstənin başçıları kimi təqdim edib. F.Ceyranlı ilə yanaşı, M.Tahiri haqqında da cinayət işi başlanıb:
"Maraqlıdır ki, İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları hələ 2016-cı ilin noyabrında böyrəyini satanlar və alanları, vasitəçilik edən Tahir Xudadatovu, hətta Mohsen Tahirinin özünü Bakıda aeroportda saxlayıb, idarəyə aparıb. Transplantasiya əməliyyatları bir müddət "Lanset"də keçiriləndən sonra Tacikistanda davam etdirilib. Yenə həmin iranlı həkim gedib Düşənbədə klinikada əməliyyatı icra edib. Bu səfərlərin birində İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları onları hava limanında saxlayıb. Bununla bağlı işdə sübutlar, ifadələr var. Amma bir gün sonra buraxıblar. Yenə də bu əməliyyatlar davam edib".
F.Ceyranlı özü də axtarışa verilməsilə bağlı fikirlərini açıqlayıb. Hazırda Gürcüstanda həbsdə olan azərbaycanlı həkimin mövqeyini onun yaxınları yayıblar.
F.Ceyranlı bildirib ki, "Lancet" tibb mərkəzinin orqan köçürmə şöbəsi Ümumdünya Səhiyyə Təşkilatının təlimatına , Gürcustan qanunlarında nəzərdə tutulan qaydalara uyğun fəaliyyət göstərib: "Dediklərimi təsdiq edən Səhiyyə Nazirliyinin komissiyasının və məhkəmənin müvafiq qərarları var. "Lancet" tibb mərkəzinin əsasnaməsinə uyğun olaraq xəstə mutəxəssis, transplantoloqun baxışı, məsləhəti və müayinələrdən keçəndən sonra, əgər orqanköçürmə əməliyyatı göstərişdirsə, xəstəxananın hüquq şöbəsinə göndərilirdi. Orada əməliyyat olunmaq üçün hansı hüquqi sənədlərin lazım olduğunu göstərən siyahı verilir. Bura aşağıdakılar daxildir: Xəstəxananin nəzdində fəaliyyət göstərən ixtisaslı komissiyanın kollektiv rəyi, xəstənin və donorun ayrı-ayrılıqda şəxsi imzaları ilə əməliyyata razılıq müqavilələri, psixiatrdan donorun vəziyyəti ilə bağlı tibbi sənəd, donorun şüurlu şəkildə, təmənnasız öz orqanını xəstə qohumununa verdiyini təsdiqləyən sənəd, donorun vəziyyətilə bağlı arayış, xəstənin və donorun qohumluğunu təsdiq edən hüquqi sənəd. Bütün bu sənədlər həmin xəstələrin xəstəlik tarixlərində öz əksini tapıb”.
F.Ceyranlının sözlərinə görə, artıq 7 ildir Azərbaycanla heç bir əlaqələrə malik deyil:
"5 ildir fiziki olaraq ayağım belə Azərbaycan torpağına dəyməyib. Mən Azərbaycan hakimiyyətinin sifarişi ilə həbs olunmuşam, həbsdə olduğumu bildikləri halda, axtarışa veriblər. Bu, nə deməkdir?! Mən Gürcüstan vətəndaşıyam, burada çalışıram. Azərbaycandan gələn xəstələrlə bağlı Səhiyyə Nazirliyinin və artıq məhkəmənin qərarı var. Onların işində heç bir cinayət tərkibi aşkar olunmayıb. Açıq qapını açırlar. Artıq hədlərini aşırlar..."
F.Ceyranlı 1980-ci illərdə Azərbaycanda yaşayıb, burada təhsil alıb və işləyib. 1994-cü ildə M.Topçubaşov adına Elmi Cərrahlıq Mərkəzinin direktor müavini, 1995-ci ildən isə həmin mərkəzin direktoru vəzifələrində çalışıb. O, bir neçə il əvvəl Gürcüstana gedib. Orda "Lancet” klinikasının yaradıcılarından biri olub və 2017-ci il mayın 22-də həbs edilib.
O, dələduzluqda, insanların həyatı və sağlamlığına təhlükə yaradan informasiyanı gizlətməkdə ittiham olunub.
Cinayət işi klinikada 2017-ci ildə qaraciyər köçürülməsindən sonra vəfat etmiş bir xəstənin qohumunun şikayəti əsasında qaldırılıb.
Tbilisi Şəhər Məhkəməsi bu il fevralın 8-də ona 6 il həbs cəzası verilməsi haqda hökm çıxarıb.
F.Ceyranlı bildirib ki, o, Azərbaycandan verilən sifarişlə, haqsız yerə həbs edilib. O, bunu Azərbaycan müxalifətinə yaxın olması ilə izah edib.
Gürcüstan Apelyasiya Məhkəməsi dekabrın 20-də Fərman Ceyranlının cəzasını 6 ildən 2 il 3 aya endirib.
Meydan.Tv
"Həbsdə olduğumu bildikləri halda, axtarışa veriblər''
Oxşar xəbərlər