Fərman Ceyranlıya əlavə 6 il həbs verildi

Azərbaycan "Lanset” klinikasının həmtəsisçisi, cərrah, hazırda Gürcüstanda həbsdə olan Fərman Ceyranlının həbs müddəti 6 il uzadılıb.
 
Bu barədə Milli Şuranın sədri Cəmil Həsənli Toplum Tv-ya məlumat verib. 
 
Onun sözlərinə görə, bu məlumatı ona Fərman Ceyranlının ailəsi verib: "Gürcüstan Ali Məhkəməsi prokurorluq tərəfindən heç bir protest verilmədiyi halda Azərbaycanın kriminal və korrupsioner hakimiyyətinin təzyiqi ilə Gürcüstan Apeliyasiya Məhkəməsinin professor Fərman Ceyranlı haqqında qərarını ləğv edib və əlavə olaraq tanınmış həkimə 6 il iş verib”.
 
Cəmil Həsənli bildirib ki, bu qərarla bağlı nə Gürcüstan prokurorluğunun protest verib, nə də iddiaçı tərəf müraciət edib: "Məhz Fərman Ceyranlı tam bəraət almaq üçün Ali Məhkəməyə müraciət etmişdi. Ali Məhkəmə ən pis halda onun iddiasını rədd edə bilərdi. Bu cəzanın ağırlaşdırılması halı ola bilməzdi. Çünki adamın öz müraciəti əsasında baxılıb. Ümumiyyətlə, məhkəmə sistemində belə hal istisna edilir. Yalnız avtoritar rejimlərdə qisasçılıq məqsədi ilə belə rüsvayçı məhkəmə hökmlərinə təsadüf edilir”.
 
Milli Şura sədri məsələni Əfqan Muxatrlının oğurlanmasından sonra Azərbaycan hakimiyyətinin sifarişi ilə Gürcüstanda baş verən növbəti rəzalət adlandırıb. 
 
Fərman Ceyranlı Gürcüstan Apeliyasiya Məhkəməsinin qərarı ilə avqust ayında azadlığa çıxacaqdı.
 
Fərman Ceyranlı 1980-ci illərdə Azərbaycanda yaşayıb, burada təhsil alıb və işləyib. 
 
1994-cü ildə M.Topçubaşov adına Elmi Cərrahlıq Mərkəzinin direktor müavini, 1995-ci ildən isə həmin mərkəzin direktoru vəzifələrində çalışıb. 
 
O, bir neçə il əvvəl Gürcüstana gedib. Orda "Lancet” klinikasının yaradıcılarından biri olub və 2017-ci il mayın 22-də həbs edilib.
 
O, dələduzluqda, insanların həyatı və sağlamlığına təhlükə yaradan informasiyanı gizlətməkdə ittiham olunub.
 
Cinayət işi klinikada 2017-ci ildə qaraciyər köçürülməsindən sonra vəfat etmiş bir xəstənin qohumunun şikayəti əsasında qaldırılıb.
 
Fərman Ceyranlı ittihamı qəbul etməyib və bildirib ki, Azərbaycandan verilən sifarişlə həbs edilib.
 
O, bunu Azərbaycan müxalifəti ilə yaxın olması ilə izah edib.
 
Tbilisi Şəhər Məhkəməsi bu il fevralın 8-də ona 6 il həbs cəzası verilməsi haqda hökm çıxarıb.
 
Gürcüstan Apelyasiya Məhkəməsi dekabrın 20-də Fərman Ceyranlının cəzasını 6 ildən 2 il 3 aya endirib.
 
Azərbaycan hökuməti Fərman Ceyranlını 12 iyulda beynəlxalq axtarışa verib.