Tikintidə geriləmə, neft hasilatında azalma: iqtisadiyyat niyə böyümür? - iqtisadçı səbəblərdən danışır

2026-cı ilin yanvar-may aylarında Azərbaycanda 51 milyard 783,8 milyon manat həcmində ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə iqtisadiyyat real ifadədə artım göstərməyib.

Komitənin açıqlamasına əsasən, hesabat dövründə neft-qaz sektorunda əlavə dəyər 1 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə cəmi 0,4 faiz artım qeydə alınıb.

ÜDM-in 36,3 faizi sənaye, 10,5 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 7,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,6 faizi tikinti, 4,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,9 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2 faizi informasiya və rabitə sahələrinin, 22,8 faizi isə digər sahələrin payına düşüb. Məhsula və idxala xalis vergilər ÜDM-in 9,3 faizini təşkil edib.

Bu dövrdə informasiya və rabitə sahələrində əlavə dəyər 10,1 faiz, nəqliyyat və anbar təsərrüfatında 6,8 faiz, ticarətdə 3,8 faiz, kənd təsərrüfatında 2,3 faiz, turizm və ictimai iaşədə 2,3 faiz, digər xidmət sahələrində isə 0,4 faiz artıb. Tikinti sektorunda isə 23 faiz azalma qeydə alınıb.

Tikinti sahəsindəki geriləmə əvvəlki illərin proqnozları ilə də ziddiyyət təşkil edir. Hesablama Palatasının “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə verdiyi rəydə qeyd olunur ki, ötən il tikinti sektoru 0,4 faiz kiçilib. Halbuki ilin əvvəlində bu sahədə 4,8 faizlik artım gözlənilirdi, sonradan proqnoz 7,9 faizə qədər yüksəldilmişdi.

Palatanın təhlillərinə görə, 2025-ci ildə qeyri-neft-qaz sektorunda qeydə alınan 2,7 faizlik artıma əsas töhfə nəqliyyat və ticarət sahələrindən gəlib. Tikinti isə azalma müşahidə olunan əsas sahələrdən biri olub.

İqtisadçı Toğrul Vəliyev deyir ki, iqtisadiyyatda müşahidə olunan durğunluq yeni proses deyil və son illərdə formalaşan struktur problemlərin nəticəsidir.

Onun sözlərinə görə, pandemiyadan sonrakı bərpa dövründə iqtisadi aktivlik əsasən dövlət investisiyaları hesabına təmin olunurdu:

“Azərbaycan iqtisadiyyatının artım imkanları məhduddur. Pandemiyadan sonrakı dövrdə müəyyən bərpa müşahidə olunsa da, bu, əsasən dövlət investisiyalarının nəticəsi idi. Həmin təsir artıq zəifləyib və iqtisadiyyatın əsas dayağı yenə neft sektoru olaraq qalır”.

Vəliyev bildirir ki, dünya bazarında neft qiymətlərinin müəyyən dövrlərdə yüksəlməsinə baxmayaraq, Azərbaycanın əsas problemi hasilatın azalmasıdır.

“Neftin qiymətindən başqa, hasilat həcmi də vacibdir. Azərbaycanda isə neft hasilatı azalır. Təbii qaz istehsalında artım olsa da, bu artım məhduddur və ixrac gəlirlərində ciddi dəyişiklik yaratmır”.

İqtisadçı hesab edir ki, neft gəlirlərinin azalması dövlət investisiyalarına da təsir edir:

“Hökumətin investisiyalarının əsas mənbəyi neft gəlirləridir. Son iki ildə bu investisiyalar azalır. Nəticədə iqtisadiyyatda da durğunluq müşahidə olunur. Bu ilin ilk beş ayında ötən ilin eyni dövrü ilə müqayisədə iqtisadi artım yoxdur”.

Onun sözlərinə görə, inflyasiya fonunda sıfır artım göstəricisi əslində iqtisadi aktivliyin zəiflədiyinə işarə edir:

“Nə artım baş verib, nə də azalma olub. Realda isə böyük ehtimal elə azalma baş verib. İnflyasiya da nəzərə alınanda real vəziyyət daha mürəkkəb görünür. Bu, əhalinin gəlirlərinə və biznes aktivliyinə təsir göstərir”.

Vəliyev tikinti sektorundakı azalmanı da neft gəlirlərinin zəifləməsi ilə əlaqələndirir və hesab edir ki, ölkə iqtisadiyyatında yeni inkişaf mənbələri formalaşdırılmayıb.

“Ümumi olaraq iki əsas amil var: neft hasilatının azalması və bunun nəticəsində dövlət investisiyalarının zəifləməsi. Göründüyü kimi, Azərbaycan iqtisadiyyatında başqa artım amilləri və ya iqtisadiyyatın drayverləri yoxdur”.

Daha əvvəl iqtisadiyyat naziri Mikayıl Cabbarov da Azərbaycanda iqtisadi artımın zəifləməsini dövlət investisiya layihələrinin icrasının təxirə salınması ilə əlaqələndirib.

Nazir bildirib ki, ilin ilk aylarında iqtisadi artım tempinin gözləntilərdən aşağı olmasının əsas səbəblərindən biri dövlət investisiyalarının vaxtının dəyişdirilməsidir.

“Bir sektorda kəskin azalma müşahidə edirik. Bu da tikinti sektorudur. Bu, daha çox özəl tikintinin azalması ilə deyil, dövlət tərəfindən həyata keçirilən investisiya layihələrinin vaxtının dəyişdirilməsi ilə bağlıdır”, - Cabbarov deyib.

Onun sözlərinə görə, tikinti sektorunda geriləmə olsa da, qeyri-neft-qaz iqtisadiyyatının digər sahələrində artım davam edir. Nazir bildirib ki, informasiya və rabitə sektorunda artım 9 faizə yaxın, qeyri-neft-qaz sənayesində 7,8 faiz, nəqliyyatda 4,5 faiz, ticarətdə isə 3,7 faiz təşkil edib.

Mikayıl Cabbarov qeyd edib ki, qeyri-neft-qaz sektoru artıq iqtisadiyyatın əsas hərəkətverici qüvvəsinə çevrilib. O, 2021–2025-ci illərdə bu sektorda orta illik artımın 6 faiz olduğunu bildirib.

Nazir həmçinin turizm sektorunda artımın yavaşladığını deyib. Onun sözlərinə görə, Yaxın Şərqdəki münaqişələr turizmə də təsir göstərir.

İqtisadçılar son illərdə Azərbaycanın iqtisadi artım tempinin zəifləməsini ölkə iqtisadiyyatının neft sektorundan yüksək asılılığı və qeyri-neft sektorunun dayanıqlı inkişaf mənbəyinə çevrilə bilməməsi ilə izah edirlər.

Onların fikrincə, son illərdə qeyri-neft sektorunda qeydə alınan artımın əhəmiyyətli hissəsi dövlət büdcəsi xərcləri, iri infrastruktur layihələri və dövlət sifarişləri hesabına formalaşıb. Bu isə özəl sektorun və istehsal yönümlü sahələrin iqtisadi artıma töhfəsinin məhdud qaldığını göstərir.

Ekspertlər hesab edirlər ki, neft hasilatının azalması fonunda iqtisadiyyatın yeni artım mənbələri formalaşdırılmadığı üçün ölkə getdikcə daha aşağı artım tempinə uyğunlaşır. Onların qənaətincə, iqtisadiyyatın uzunmüddətli inkişafı üçün rəqabət mühitinin yaxşılaşdırılması, özəl investisiyaların təşviqi, kiçik və orta sahibkarlığın genişləndirilməsi, həmçinin ixracyönümlü qeyri-neft istehsalının artırılması vacibdir.

İqtisadçılar xəbərdarlıq edirlər ki, struktur islahatlar həyata keçirilmədiyi təqdirdə yaxın illərdə də iqtisadi artımın aşağı səviyyədə qalması və ya dövri durğunluqların davam etməsi ehtimalı yüksəkdir.