Yaxın Şərqdə davamlı sülhə nail olmağın yeganə yolu iki dövlətin tanınmasıdır

Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallas İsrailin xarici işlər naziri Gideon Saarın müraciətinə cavab verib.

Kallas dialoq və qarşılıqlı əlaqələrin vacibliyini vurğulayaraq, tərəflər arasında hörmətə və konstruktivliyə əsaslanan əməkdaşlığı davam etdirməyə hazır olduğunu bildirib.

Kaya Kallas xüsusilə fikir ayrılıqları yarandığı dövrlərdə dialoqun diplomatiyanın təməl daşı olduğunu qeyd edib və Avropa İttifaqının İsrail ilə hər zaman konstruktiv münasibətlərə can atdığını diqqətə çatdırıb. Bununla belə, o, Yaxın Şərqdə davamlı sülhə nail olmağın yeganə yolunun iki dövlətli həll variantı olduğunu xatırladıb.

Aİ rəsmisi həmçinin qurumun rəsmi mövqeyini növbəti dəfə bəyan edərək, İsrailin İordan çayının qərb sahilindəki qanunsuz məskunlaşma fəaliyyətlərini pislədiklərini bildirib. Onun sözlərinə görə, bu cür addımlar regionda sülh hədəfinə çatmağı daha da çətinləşdirir.