NATO Makedoniya ilə saziş imzaladı

Fevralın 6-da NATO ilə Makedoniya qoşulma sazişini imzalayıblar.
 
Sənədə Makedoniyanın Xarici işlər naziri Nikola Dimitrov imza atıb.
 
Mərasimə alyansın rəhbəri Jens Stoltenberq sədrlik edib.
 
"Bu gün tarixi gündür. NATO-nun bütün üzvləri Makedoniya ilə Qoşulma Protokolunu imzalayıb. Bu sənəd bütün regiona daha artıq təhlükəsizlik və rifah gətirəcək. NATO-nun baş qərargahı üzərində 30 bayrağın dalğalanacağı günü səbirsizliklə gözləyirəm”, – Stoltenberg mərasimdən sonra tvitində yazıb.
 
Makedoniya bildirib ki, Yunanıstanın NATO üzvü olaraq bu protokolu birinci ratifikasiya edəcəyini gözləyir.
 
Yunanıstan parlamentinin spikeri Nikos Voutsis isə Afinada bildirib ki, sənəd deputatlara fevralın 7-də təqdim olunacaq və fevralın 8-də səsverməyə çıxarılacaq.
 
Yunanıstan 1991-ci ildən, Yuqoslaviya dağılandan Makedoniya adına etiraz edirdi, çünki özünün şimalında bu adda vilayət var.
 
Azadlıq Radiosu