Netanyahu inad edir - İsrail demokratiyasını itirə bilər

İsraildə Benyamin Netanyahu hökumətinin həyata keçirmək istədiyi məhkəmə islahatı əleyhinə etirazlar 2023-cü ilin əvvəllərindən davam edir. Etirazçılar bu islahatlarda demokratiyaya təhlükə görürlər. “Meduza” portalının xahişi ilə israilli jurnalist Vitali Novoselov  ölkədəki siyasi böhranı ətraflı təsvir edib.

Tel Əvivdə “Demokratiya meydanı” adı verilən mərkəzi nəqliyyat qovşaqlarının birində əvvəlki yeddi ayın hər şənbəsi olduğu kimi iyulun sonuncu şənbəsində də etirazçılar toplandı. Bu dəfə onların sayı 170 min nəfər idi. Polisin məlumatına görə, həmin gün Tel Əviv küçələrinə cəmi 200 min israilli çıxdı - şəhərin ümumi əhalisi isə 460 mindir.  Onların hamısı İsrailin sağ-dinçi hökumətinin yeni məhkəmə islahatına etiraz edirlər.

İslahat hakimiyyətin qanunverici və icraedici qollarının (İsrail siyasi sistemində bunlar praktiki bir-birindən ayrılmazdır) xeyrinə məhkəmə səlahiyyətlərinin məhdudlaşdırılmasını nəzərdə tutur.

Hakimiyyət qollarının arasında balansın belə yerdəyişməsinin İsrail demokratiyasına təhlükə yaradıb-yaratmadığını anlamaq üçün onun necə qurulduğuna baxmaq lazımdır.

İsraildə konstitusiya yoxdur

İsrail parlament respublikasıdır, hökumət parlament çoxluğu tərəfindən qurulur, koalisiyanın iştirakçı partiyalarından birinin rəhbəri də baş nazir olur. İsrail hökumətinin bütün üzvləri eyni zamanda birpalatalı parlamentin – Knessetin üzvləridir. Belə hal qanun təsisi prosesini sürətli və asan edir, onun sayəsində parlamentdə çoxluğunun hökumətin təklif etdiyi bütün layihələri qəbul etmək imkanı yaranır.

Hakimiyyət qollarını balanslaşdıran və məhdudlaşdıran Konstitusiyanın olmadığı ölkədə hakim koalisiyanın istənilən qanunu təcili qəbul və icra etməsinin qarşısını yalnız Ali məhkəmə (rəsmi adı – Ali Ədalət məhkəməsi) ala bilər. Amma məhkəmənin bu səlahiyyəti də İsrail qanunvericiliyində əksini tapmayıb.

İsrail 1948-ci ilin mayında İstiqlaliyyət bəyannaməsini qəbul edib. Sənəd İsrail konstitusiyasının qəbulu üçün Müəssislər məclisinin seçilməsini nəzərdə tuturdu. Amma ilk İsrail hökumətinin başçısı Devid Ben-Qurion müharibə dövründə hökumətin əl-qolunu bağlamamaq üçün konstitusiya qəbulunu təxirə salmağı qərara aldı.

Nəticədə İsrail dövlətinin mövcud olduğu 75 il ərzində fövqəladə vəziyyət ləğv edilmədi və konstitusiya qəbul olunmadı. Bunun əvəzində knesset mərhələ ilə irəliləməyi qərara aldı və gələcək konstitusiyanın fəsilləri olacaq Əsas qanunları addım-addım qəbul etdi. 1992-ci ilə qədər 11 belə qanun qəbul olundu. Bu külliyyatın İsrail konstitusiyası olması üçün cəmi ikisi çatışmırdı.

Birincisi – insan və vətəndaşın hüquq və azadlıqları haqqında. Onun yerinə İnsan ləyaqəti və azadlığı haqqında Əsas qanun qəbul edilib, ancaq o, vətəndaş hüquqları haqqında məsələni tənzimləmir, ona görə ki, Tel Əviv Fələstin ərazisindəki ərəb sakinlərə İsrail vətəndaşlığı verməyə hazır deyil.

İkinci qanun Əsas qanunların konstitusion xarakterini, onların qəbulunun və dəyişdirilməsinin xüsusi qaydasını və digər qanunlara münasibətdə prioritet qüvvəsini müəyyənləşdirməlidir. Nə qədər ki, bu qanun qəbul edilməyib, Əsas qanunlar knesset üzvlərinin sadə çoxluğu ilə qəbul edilə, dəyişdirilə və ləğv oluna bilərlər. Bu da o deməkdir ki, hər növbəti çağırışda digər parlament çoxluğu xüsusi problemlə rastlaşmadan alternativ Əsas qanunlar qəbul edə bilər.

1992-ci ildə Ali məhkəmənin sədri Aaron Barak qərar verdi ki, bir halda knesset konstitusiyanın qəbulunu heç cür başa çatdıra bilmir, Ali məhkəmə Əsas qanunları konstitusiya kimi, digərləri üzərində prioritet qüvvəyə malik kimi interpretasiya edəcək. Beləcə, Ali məhkəmə Konstitusiya məhkəməsi səlahiyyətlərini mənimsədi, qəbul olunan qanunların və hakimiyyət orqanları qərarlarının Əsas qanunlara uyğunluğunu qiymətləndirməyə başladı. Yeni qanunlar Əsas qanunlara zidd olanda Ali məhkəmə onları ləğv edirdi. 31 il ərzində Ali məhkəmə knesset tərəfindən qəbul edilən 22 qanunu ya ləğv edib, ya da təkrar işləməyə göndərib. Bu müddətdə heç bir hakim koalisiya Ali məhkəmənin bu hüququnu mübahisələndirməyib.

Benyamin Netanyahu hökumətə fasilələrlə 15 il 3 ay başçılıq edib. Bütün bu dövrdə məhkəmə islahatı və konstitusiya qəbulu barədə söhbətlər gedib.

2016-cı ildə Netanyahuya qarşı cinayət işi qaldırıldı, 2018-ci ildə onların sayı üç oldu. İndi işlərə məhkəmədə baxılır və ehtimal var ki, onlardan biri hökmlə nəticələnə bilər. Netanyahu özü həmin cinayət işlərini “əcinnə ovu” adlandırır. O, 2022-ci ilin sonundakı seçkilərdə yenidən qalib gəldi və dini partiyalarla birlikdə iqtidar koalisiyası yaratdı. Yeni hökumət Ali məhkəmənin səlahiyyətlərini məhdudlaşdıracaq qanunlar paketi hazırlamağa başladı.

Netanyahuya qarşı üç cinayət işi qaldırılıb. O, baş nazir postunu saxlamağa çalışır və buna görə qanunvericiliyi dəyişdirməyə hazırdır.

Yeni müddətin başlanğıcında Netanyahu ultraortodoksal ŞAS partiyasının rəhbəri, üç dəfə məhkum olunmuş (o cümlədən, korrupsiya, ictimai etimadı aldatmaq və vergidən yayınmaq maddələri ilə) Arye Derini  daxili işlər, səhiyyə naziri, eyni zamanda baş nazirin birinci müavini vəzifəsinə təyin etməyə çalışdı. Gözlənilən kimi, Ali məhkəmə “olduqca yolverilməz akt” adlandırdığı (“olduqca yolverilməz” prinsipini ivritdən “sağlam məntiq çərçivəsindən kənarda” kimi də tərcümə etmək olar) bu təyinata icazə vermədi.

O zaman hakim koalisiya Ali məhkəmənin “olduqca yolverilməz” və ya “sağlam məntiq” prinsipi əsasında hökm çıxarmaq hüququnu məhdudlaşdırmağı qərara aldı. Müvafiq qanun iyulun 24-də qəbul olundu və dərhal qüvvəyə mindi. Netanyahu yeni qanunu “sistemin kiçik düzəlişi” adlandırdı və Derinin hökumətə qayıtmasına ümidini ifadə etdi.

Məhkəmə daha hökumət üzvünü, hətta üç dəfə məhkum olunanı vəzifəsindən kənarlaşdıra bilməyəcəyindən, Derinin hökumətə qayıtması presedent yaradar, İsraildə isə presedent hüququ mövcuddur. Beləliklə, məhkəmə istintaq altında olan baş naziri də vəzifəsindən çıxara bilməyəcək.  

“Likud” partiyasını ali rəhbər orqanının üzvü və Netanyahunun müşaviri, vəkil Aariel Bulşteyn hesab edir ki, heç bir demokratik ölkədə məhkəmə legitim hakimiyyət orqanlarının qərarını “sağlam məntiq” prinsipi əsasında ləğv edə bilməz: “Yalnız İsrail Ali məhkəməsi bu hüququ qanunsuz mənimsəyib”.

Bununla belə, Ali məhkəmə “sağlam məntiq” prinsipini məhdudlaşdıran qanunu da ləğv edə bilər. Artıq müxalif “Yeş Atid” partiyası və bir neçə ictimai təşkilat bununla bağlı iddia qaldırıb. Məhkəmə baxışı sentyabra planlaşdırılıb.

Netanyahuya görə, Ali məhkəmə qanunu ləğv edərsə, ölkə “naməlum əraziyə” qədəm qoyacaq.  Ehtimal etmək olar ki, o, konstitusiya böhranını nəzərdə tutur, bu zaman bütün hakimiyyət orqanları və vətəndaşlar seçim qarşısında qalacaqlar: parlamentin qərarını yerinə yetirsinlər, yoxsa məhkəmənin.

Parlament “sağlam məntiq” haqqında qanunu qəbul edən gün, İsraildə artıq 30 həftə davam edən etirazlar iğtişaşa və polislə toqquşmalara çevrildi. İyulun 24-də İsrailin bütün böyük şəhərlərində kütləvi aksiyalar keçirildi. Onlarla adam saxlanıldı, amma sonradan heç bir ittiham irəli sürülmədən buraxıldı.

Ali məhkəmə hökumətə baş nazirin impiçmenti qaydasını dəyişməyə hələ icazə verməyib

2023-cü ilin martında knesset Əsas qanuna dəyişiklik etdi ki, buna görə, baş nazir yalnız fiziki və əqli baxımdan səlahiyyətlərini icra edə bilmədikdə vəzifəsindən çıxarıla bilər. Digər bütün hüquqi əsaslar, maraqların konflikti və cinayətdə şübhələnmək də daxil, qanundan çıxardılar. Qanunun yeni görkəmində baş naziri qeyri-qadir elan etməyin yalnız iki yolu var: bunu ya baş nazir özü edə bilər, ya da deputatların 3/4 -nün razılığı olmaqla nazirlərin 75 faizi.

Bu qanunla bağlı da iddia qaldırılıb. Hərçənd, daha əvvəl Ali məhkəmə heç vaxt Əsas qanunu ləğv etməyib.

İddiaya avqustun 3-də baxmaya başlanıldı. Hakimlər qanunun “şəxsi xarakter daşıması”, yəni konkret adamın maraqları naminə qəbul olunması qərarına gəldilər. Ali məhkəmənin hakimi Ester Hayut qanunun qəbulunu “konkret baş nazirin istefaya göndərilməsi qarşısında maneələr yaradan tələsik prosedur” adlandırdı.

Avqustun 6-da çıxardığı qərarda məhkəmə qanunun dərhal qüvvəyə minməsini dayandırdı və onun hansı ehtiyacdan doğması haqda hökumətdən izahat istədi. Növbəti iclas sentyabrın sonuna təyin edilib.

Əgər Əsas qanuna sözügedən dəyişiklik ləğv olunarsa, hökumət və baş nazir isə bu hökmü qəbul etməzlərsə, ölkədə konstitusiya böhranı yaranacaq. Bundan yayınmaq üçün Ali məhkəmə ola bilər, dəyişikliyin məzmununu mübahisələndirməsin, amma qüvvəyə minməsini knessetin növbəti çağırışına qədər təxirə salsın.

“Sağlam məntiq” haqqında qanunun ləğvindən sonra hökumət Ali məhkəmə hakimlərinin təyinatı prosesini dəyişməyə çalışır.

Ədliyyə naziri və məhkəmə islahatının müəllifi Yariv Levinin fikrinə görə, növbəti addım Ali məhkəmə hakimlərinin təyini qaydasının dəyişməsi olmalıdır. Bu zaman hakim koalisiya hakimlərin əksəriyyətini təyin edə bilməlidir. Hazırda onları Hakimlərin seçilməsi komissiyasının təqdimatı ilə İsrail prezidenti təyin edir.

Vəkil Aariel Bulşteynin fikrincə, hakimlərin parlament çoxluğu tərəfindən təyini İsraili Amerika demokratiyasına yaxınlaşdırar. Başqa hüquqşünas, Mark Novikov diqqəti ABŞ-da Ali məhkəmə hakimlərinin ömürlük təyin edildiyinə yönəldir. Bu hal onları təyinatdan sonra müstəqil edir, həm də prezident və ya konqresdəki çoxluğa Ali məhkəmənin tərkibini birdən radikal şəkildə dəyişmək fürsəti vermir.

İsraildə hakimlər 70 yaşa çatdıqda istefaya gedirlər, bu da Ali məhkəmənin tərkibini sürətlə yeniləmək üçün şərait yaradır. Məsələn, yaxın 3 il ərzində, yəni knessetin bir səlahiyyət müddəti zamanı Ali məhkəmənin 15 hakimindən dördü təqaüdə çıxacaq. Əgər təyinat parlament çoxluğunun əlində olarsa, idarə olunan Ali məhkəmə qazana bilərlər.

Amma hakimlərin təyinat qaydasını tezliklə dəyişmək alınmayacaq. Knesset üzvlərinin 2/3-nin daxil olduğu Hakimlərin seçilməsi komissiyasına iyunda keçirilən seçkilərdə, eləcə də özünün iki nümayəndəsini həmin komissiyaya göndərən Vəkillər kollegiyasının sədrinin seçilməsində müxalifət qalib gəldi.

“Sağlam məntq” haqqında qanundan və hakimlərin seçilməsi qaydasının dəyişdirilməsindən sonra məhkəmə islahatının üçüncü həlledici elementi Ali məhkəmənin vetosunun parlament üzvlərinin sadə səs çoxluğu ilə rədd edilməsi haqqında qanun olmalıdır. Bu qanun nəinki hakimiyyət qolları arasındakı balansı pozacaq, faktiki olaraq, qanunverici orqan üzərində məhkəmə nəzarəti institutunu ləğv edəcək. Doğrudur, kütləvi etirazlar fonunda bu qanunu hələ ki, parlamentin müzakirəsinə çıxarmamaq qərara alınıb.

Avqustun 6-da “Bloomberg”ə müsahibəsində Netanyahu deyib ki, Hakimlərin təyini komissiyasının formalaşması prinsipinin dəyişdirilməsi məhkəmə islahatının sonuncu mərhələsi olacaq. Baş nazir bu yöndə sonrakı bütün qanunları dayandırmağı vəd edir.  Mark Novikov hesab edir ki,  əgər koalisiya buna nail olsa, Netanyahu məqsədinə çatacaq:  “Məhkəmə sözəbaxan olacaq, bütün qalanlar isə artıq ikinci dərəcəlidir”.

Novikov deyir: “Məhkəmə islahatı haqqında qanun - cinayət işlərinin biri üzrə Netanyahunun günahkar bilindiyi, ya da “kalon” aldığı halda (“kalon” ivritdən tərcümədə”rüsvayçılıq” deməkdir, bu mənəvi qınağı alan adama İsraildə yeddi il müddətində siyasətlə məşğul olmaq və seçkili vəzifə tutmaq qadağan edilir) vəzifəsində qalıb-qalmaması məsələsidir”. Hökumət haqqında qanun buna birmənalı cavab vermir.

Qanun layihəsi həkimlərə LQBT fərdlərini müalicə etməmək icazəsi nəzərdə tutur 

Netanyahunun onların səsindən asılı olması kimi əlverişli vəziyyətdən istifadə edən dinçi koalisiya ortaqları məhkəmə islahatı paketini öz qanun layihələri ilə tamamlayıblar. Onların qəbulu koalisiya razılaşmalarında əksini tapıb və dini partiyalar məhz bu halda Netanyahunu dəstəkləyəcəklərini bildiriblər.

Onların arasında tibb işçilərinə “dini duyğular” səbəbindən LQBT fərdlərinə yardım etməmək icazəsi verən qanun layihəsi var. Özəl biznesə də eyni hüquqlar tanınır: məsələn, satıcı LQBT fərdinə mal satmaqdan imtina edə bilər.

Başqa layihə Tövrat oxumaq haqqında qanundur ki, kişilərin dini məktəbdə oxumasını orduda xidmətə bərabər tutur. İsrail ordusu ümumi səfərbərlik əsasında formalaşır, amma bu günə qədər Tövratı öyrənən dindar kişilər çağırışdan möhlət qazanırdılar, hərçənd, bu, qanunvericiliklə tənzimlənmir.

Daha bir qanun Göz yaşı divarı yanında ümumi qəbul olunmuş qaydaların pozulmasını kriminallaşdırmağı nəzərdə tutur. Faktiki, layihə Divarın yanında kişilərlə bir yerdə dua etmək hüququnu qoruyan qadınlara qarşı yönəlib. Bundan əlavə, koalisiya nümayəndələri dini məzmunlu tədbirlər, məsələn, toy zamanı gender seqreqasiyasına icazə verən qanun qəbul etməyə hazırlaşırlar.

Müxalif “Yeş Atid” partiyasından knesset üzvü Vladimir Beliak deyir ki, konstitusiyanın və ikipalatalı parlamentin olmadığı şəraitdə yeni qanunların qəbulu İsraili “yarımçıq demokratiya”ya çevirəcək, hakim koalisiyanın qeyri-məhdud hakimiyyəti qurulacaq, insan hüquq və azadlıqları məhdudlaşacaq. Onun fikrincə, məhkəmə islahatının reallaşması “liberal İsraili nasional-faşist diktaturasına çevirəcək, hakimiyyət bölgüsü aradan qalxacaq, dərin iqtisadi böhrana, təhlükəsizliyə və İsrailin mövcudluğuna təhdidə səbəb olacaq”.

Gündəlikdə hər şey var: söz azadlığının, qadın və LQBT haqlarının tapdanmasından tutmuş ravvin məhkəmələrinin səlahiyyətlərinin genişləndirilməsinə və ərəb partiyalarının seçkilərdən kənarlaşdırılmasına qədər. Bundan əlavə, əgər knessetin 61 deputatı seçki sistemini dəyişmək və “satqın” hesab edəcəkləri adamları səs hüququndan məhrum etmək istəsələr, növbəti seçkilərdə onlara qalib gəlmək ümumiyyətlə mümkün olmayacaq.

Məhkəmə islahatı əleyhinə etirazlara hərbçilər də qoşulanda İsraildə təkcə demokratiyaya təhlükədən deyil, yəhudi dövlətinin mövcudluğuna təhlükədən danışmağa başladılar. Dövlətin təhlükəsizliyini məhz İsrail müdafiə ordusu təmin edir. Son dövrə qədər ordu siyasətdən kənarda qalırdı və hökumətin kursundan asılı olmadan siyasi rəhbərliyin əmrlərini yerinə yetirirdi.

2023-cü ildə İsrail ordusu ehtiyatda olanların kütləvi imtina kampaniyası ilə üzləşdi. Ehtiyatda olan mindən artıq əsgər və zabit kollektiv məktublarında bildirdilər ki, təlim toplantılarında iştirak etmək niyyətində deyillər. Onlar öz qərarlarını İsrail hökumətinin, onların fikrincə, demokratik adlana bilməməsi ilə izah etdilər.

İsrail iqtisadiyyatı və biznes mühiti islahatlara kəskin reaksiya verdi

İyulun 24-də Tel Əviv fond birjası “sağlam məntiq” qanuna indekslərin sutka ərzində 3% enməsi ilə reaksiya verdi. Tikinti şirkətlərinin indeksi 4,9%, bank indeksləri 4,8% düşdü. Banklarda düşüş bir gün sonra orta hesabla 8,5% oldu.

Elə həmin gün İsrailin 150 ən böyük şirkətlərini birləşdirən biznes-forum birgünlük tətil elan etdi və islahatların davam edəcəyi təqdirdə “iqtisadiyyatı dayandırmaq” niyyətində olması barədə xəbərdarlıq yaydı. Biznes-forum başqa şirkətləri və təşkilatlara bu addımı dəstəkləmək çağırışı etdi. Onun nümayəndələri Benyamin Netanyahuya da müraciət ünvanlayaraq “baş verə biləcək fəlakətin bütün miqyasını” dərk etməyə, yeni qanunların qəbulunu dərhal dayandırmağa və danışıqlara başlamağa çağırdılar.

Sosial şəbəkələrdə “vergi qiyamı” - siyasətçilərin “vergi ödəyicilərini eşitmədiyi və onların maraqlarını nəzərə almadıqların görə” vergi ödənişlərinin azaldılması müzakirə olunur.

“Moodyʼs” reytinq agentliyinin iyulun sonunda yayılan növbədənkənar hesabatında İsrail iqtisadiyyatına investisiya üçün risklərin artmasından danışılır. İsrail qiymətli kağızlar bazarında əsas oyunçulardan olan “Morgan Stanley” investisiya bankı da eyni fikirdədir.

İsrail cəmiyyətinin həm dünyəvi, həm dindar nümayəndələri islahatlar əleyhinə birləşiblər

“İsrail fundamental və sarsılmaz əsasları olmayan gənc, inkişafda olan demokratiyadır. Bizdə qanunverici və icraedici hakimiyyət arasında sərhəd yoxdur. Əgər iqtidar məhkəmə hakimiyyətini də ələ keçirsə, ölkəmizin bütün demokratik sisteminin sabitliyini itirəcəyik”, - hüquqşünas Mark Novikov belə hesab edir.

Özünü “sol-mərkəz baxışlı dünyəvi israilli” kimi təsvir edən Aleksandr Udod etirazların fəal iştirakçısıdır. “İsrailin azad və demokratik cəmiyyət olaraq qalması mənim üçün çox mühümdür. Məhkəmə hakimiyyətinin zəifləməsi İsrail demokratiyasına ölümcül zərbə vura bilər. Mən istəmirəm ki, İsrail postsovet diktatura rejimlərinin bənzərinə çevrilsin”.

Udod əmindir ki, yalnız məhkəmə islahatlarının tam dayandırılması halında etirazların bitməsindən danışmaq olar: “Əgər koalisiya bundan sonra da kor olsa və dövlət çevrilişi prosedurunu davam etdirsə, Histadrut (həmkarlar təşkilatları birliyi) da etirazlara qoşulacaq”.

Etirazların daha bir fəal iştirakçısı əks cinahı, sağ düşərgəni təmsil edir. Dindar sionist və feminist Sofya Ron-Morya “Dünyaya ən böyük təhdid fundamentalizmdən doğur” söyləyir.

Onun fikrincə gender seqreqasiyasını qanuniləşdirmək cəhdi demokratiya defisitinə səbəb olacaq: “Yüzminlərlə adam küçəyə Ali məhkəmə hakimlərini müdafiə etmək üçün çıxmır. Onlar Ali məhkəməni İsrailin İrana çevrilməsində sonuncu əngəl kimi görürlər”.  

 

Mənbə: Meduza

Tərcümə: Yadigar Sadıqlı