Nardaran ziyarətgah-məscid kompleksi-VİDEO

Yeddi ildir qapları inanclıların üzünə qapadılan Nardaran piri. 2015-ci il məlum Nardaran hadisələrindən sonra müxtəlif bəhanələrlə inanclılrın ziyarətgaha gəlişi əngəllənən məkan üzərindən hələ də qadağalar götürülməyib. Qapısında 24 saat polisin keşik çəkdiyi bu ocağa nadir hallarda yalnız kənd sakinləri, o da sənədləri yoxlanıldıqdan sonra, buraxılırlar. Əksər vaxtlar isə “olmaz” deyib heç bir səbəb göstərilmədən ziyarətgaha heç yerli sakinlər də buraxılmırlar. 
Nardaran piri miladi tarixilə VIII əsrə aid bir abidədir. Bu pir-kompleks Nardaran kəndinin şimal hissəsində yerləşir. Ziyarətgahda Həzrət İmam Rzanın (ə) bacısı Rəhimə xanımın məzarı yerləşir. Rəvayətə görə Rəhimə xanım, Abbasi xəlifələri Harun ər-Rəşid və Məmunun dövründə Azərbaycana pənah gətirən Peyğəmbər övladlarından biridir. O, yerli sakin Seyid Yusif ağanın qonağı olmuş və ömrünün sonuna qədər də burada sığınacaq alaraq gizlin yaşamışdır. Vəfatından sonra məzarı əhli-beyt sevərlərin ziyarət yerinə çevrilmişdir.
Zamanla ziyarətgah bir çox təbii hadisələrin təsirinə məruz qalmışdır. Dənizin geri çəkilmə səbəbindən yaranan qum fırtınası ziyarətgahı kəndin əksər ərazisi kimi bir müddət topraq altında gizləmişdir. İllər sonra onu torpaq altından çıxaran Şeyx Yusif adlı kənd sakini olub ki, onun məzarı da ziyarətgahın yaxınlığındadır. 
Sovet dövründə ziyarətgah bir çox din ocaqları kimi qapadılır. Hətta qapısı belə tikilərək insanların bura gəlməsi qadağan olunur. Bununla belə yerli sakinlər bura gizlin də olsa ziyarətə gəlib-gedirlər. Ötən əsrin 80-ci illərinin əvvəllərində Sovetlər Birliyində dinə edilən nisbi güzəştlər fonunda ziyarətgahın qapıları inanclıların üzünə açılır. İnanca qiymət verən xalq - gizlin və aşkar - bura axın edir. Sonrakı illərdə Bakıda Aşura mərasimlərinin keçirilməsi üçün möhtəşəm ünvan Nardaran olur. Sovetlərin ciddi nəzarətinə baxmayaraq, Məhərrəmlik və Aşura mərasimlərinin miqyası illər keçdikcə, daha geniş vüsət alır. Bu səbəbdən də, ziyarətçilərin rahat ziyarət etməsi, ərazinin abadlaşdırılması və yeni ziyarətgah bunasını inşasına ehtiyac yaranır. Bu isə yalnız müstəqillik illərində mümkün olur. 
1994-cü ildə Peyğəmbərin mövlud günündə Nardaran pirinin yeni layihəsinin təməli elə kənd sakinləri tərəfindən qoyulmağa başlayır. Yerli ustalar tərəfindən həyata keçirilən tikili ikimərtəbəli olub, birinci mərtəbəsində ziyarətgahın tarixi hissəsi qorunub saxlanılmışdır. İkinci mərtəbəsi isə yeni üslubda inşa edilmişdir. Ziyarətgahın əsas yuxarı hissəsinin iç sahəsi 30x17 metr, hündürlüyü 26 metr olaraq ucalır. Məsciddəki 4 minarənin hər birinin hündürlüyü isə 41 metr, günbəzinin diametri 17 metr, hündürlüyü isə 16 metrdir. Ziyarətgahın yaxınlığında əsas ibadət zalı 2 günbəzə malik Hüseyniyyə tikilmişdir. 
Lakin təəssüflər olsun ki, bütün bunlar hələ də inanclılrın üzünə qapalıdır. Artıq yeddi ildir ki, kəndin giriş-çıxışına polis tərəfindən postlar qoyulmuş, Azərbaycan inanclılarının Nardaran pirini ziyarət etməsinə məhdudiyyətlər tətbiq edilmişdir. İlkin dövrlərdə dövlət orqanları bu qadağaları təmir bəhanəsilə izah edirdisə, zaman keçdikcə aydın olmuşdur ki, bu məhdudiyyət sadəcə Azərbaycan inanclısının İmam balasının ziyarətinə gəlişinin qarşısını almaq məqsədi daşıyır. Bunu hakimiyyətin Nardarana, bir növ, cəza olaraq tətbiq etdiyi qadağa kimi də səciyyələndirmək olar. 
Hər halda, ümid edək ki, bu qadağalar tezliklə aradan qaldırılacaq və ziyarətgahın qapıları yenidən inanclıların üzünə açılacaqdır.