Məktəblərdə vahid geyim qaydalarının tətbiqi ilə bağlı yaranan insidentlər üzrə 37 nəfərin saxlanıldığı açıqlanıb

Daxili İşlər Nazirliyi (DİN) dövlət məktəblərində vahid geyim qaydalarının tətbiqi ilə bağlı yaranan insidentlər üzrə 37 nəfərin saxlanıldığını açıqlayıb.

Nazirlik iddia edir ki, Bakı şəhərində bir qrup şəxs vahid geyim qaydalarının tətbiqi ilə bağlı “təhsil işçiləri ilə münaqişə yaradıb, təhsil müəssisələrinə zərər vurub və məktəblərin normal fəaliyyətinə mane olmağa cəhd edib”.

DİN bildirir ki, faktla bağlı Cinayət Məcəlləsinin 233-cü - ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə - maddəsi ilə cinayət işi başlanılıb.

“İctimai asayişin qorunması məqsədilə tədbirlərin davam etdiriləcək”, - DİN bildirib.

Son həftələr ölkənin bir sıra məktəblərində hicablı şagirdlərin və müəllimlərin dərsə buraxılmaması ilə bağlı məlumatlar yayılıb. Bu hallar Nazirlər Kabinetinin dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqinə dair qərarından sonra baş verib. Qərarda hicabın qadağan olunması birbaşa qeyd edilməsə də, bəzi məktəblər qərarı dünyəvilik prinsipinə zidd geyimlərə icazə verilməməsi kimi tətbiq edib.

Qərar inanclı fəalların və bəzi valideynlərin etirazına səbəb olub. Onlar qərarın hicablı şagirdlərin təhsil hüququnu məhdudlaşdırdığını bildirirlər.