MBH bəyanat yaydı

Müsəlman Birliyi Hərəkatı sosial media üzərindən bəyanat yayıb. Hərəkat Hacı Tale Bağırzadəyə qarşı 12 saylı cəzaçəkmə müəssisəsində baş verən fiziki və psixi təzyiqə ediraz edib.  Bəyanatda deyilir:

İslam dini dəyərli olan Allah qulunun şərəf və ləyaqətini Kəbə evindən üstün tutmaqla buna əhəmiyyətli diqqət yaradır. Hər bir Allah bəndəsi bu dəyərin hansısa nöqsanla üzləşməməsi üçün çox diqqətli və dəqiq ömür yaşamaqla İlahi əmanətin qorunmasına çalışmalıdır. Təəssüf ki, yaşadığımız mühit az qala addımbaşı hədəfə alınan ləyaqəti nəinki müdafiəyə, hətta hədəfə alınmadan çox çətinliklə qoruya bilir. Bunu isə pozan əsasən ölkənin hakim qüvvələri, güc strukturlarıdır. Biz bir necə ay öncə xalqımızın təhqir olunan dini inancı fonunda ölkənin hakim qüvvələrinə, baş verən bu kimi halların yolverilməzliyini bildirmiş və buna öz haqlı etirazımız ilə mövqeyimizi nümayiş etdirmişdik. Bu günlərdə yaşanan belə bir addım, ruhaninin şərəf və ləyaqəti, mənəvi və insani dəyərlərinin təhqiri növbəti dəfə insanlıq və mənəviyyat ünvanına hakimiyyətin təcavüzündən başqa bir şey deyil. Bu addımın arxasında duran istənilən qüvvə anlamalıdır ki, ölkənin iqtisadi, siyasi, sosial gərgin vəziyyətində belə addımlar hakimiyyətə baş ucalığı gətirməyəcək.
Tələbimiz 12 saylı CÇM-də MBH sədri Tale Bağırzadəyə, onun şərəf və ləyaqətinə, siyasi baxışına, dini inancına, xüsusi olaraq şəxsiyyətinə yönəli məlum qeyri-insani addımların dayandırılmasıdır.
Biz, bir daha bəyan edirik ki, belə addımlar dayanmayacağı halda, qanuni etirazlara başlayacaq, həm ölkəmizdəki, həm də beynəlxalq təşkilatlara müraciətlər edərək sözügedən hadisənin hüquqi müstəvidə qiymətləndirilməsi üçün bütün imlankardan istifadə edəcəyik.

Müsəlman Birliyi Hərəkatı.
28.11.2022.