İtaliya prezidenti Azərbaycana gəlib

İtaliya prezidenti Serco Mattarella iyulun 17-də axşam saatlarında Azərbaycana rəsmi səfərə gəlib.
 
AZƏRTAC-ın xəbərinə görə, onu və qızı Laura Mattarellanı hava limanında Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.
 
Səfər haqda başqa məlumat verilmir.
 
İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin mayın 8-də qurulub.
 
1997-ci ilin martında İtaliyanın Azərbaycanda, 2003-cü ilin dekabrında isə Azərbaycanın İtaliyada səfirliyi yaradılıb.
 
İtaliya Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında danışıqlar vasitəsilə həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunun tərkibinə daxildir.
 
Azərbaycanın təşəbbüsçülərindən biri olduğu, Avropanın cənubuna qaz nəqlini nəzərdə tutan və 2020-ci ildə istismara veriləcəyi gözlənilən TAP qaz boru kəmərinin bir hissəsi İtaliya ərazisindən keçəcək.