İsrail və HƏMAS; ilk gündən məqsədlərini elan edən tərəflər sonunda hədəflərinə çata bildimi?

HƏMAS və İsrail arasında uzun zamandır gözlənilən sülh razılaşması nəhayətdə imzalandı. Bütün bu 15 aydan artıq bir müddəti əhatə edən savaş haqqında fikirlər və nəticələr hər kəsin görmək istəyəcəyi rakursdan olacaq deyə bu barədə fikir ayrılıqları ola bilər. Lakin müharibənin ilk günündən tərəflərin qarşılarına qoyduqları məqsəd və ictimai açıqlamaları hər kəsin tərəfsiz nəticə əldə etməsinə bir pəncərə ola bilər.
2023-cü il 7 oktyabr bəlli hücum və başlanan müharibə alovu. Heç kəs inkar etməz ki, HƏMAS məlum müharibənin olma ehtimalını aşağı-yuxarı vermirdi. Əminliklə söylənilə bilər ki, İsrailin bu forma hücumu göz önünə alınmışdı. Heç olmasa ona görə ki, ötən on illiklər təcrübəsi İsrailin hansı fikirə malik olduğunu söyləməyə əsas versin. Əgər bu günə qədər məlum sayda girov əməliyyatı baş vermədiyi halda sayları neçə-neçə on minləri ötən Fələstin sakinlərinə qarşı qətliam bundan sonra şirinquş hədiyyəsi ilə əvəzlənməyəcəkdi.
Birmənalı HƏMAS bunu anlayır və itkinin minimum-maksimumunu görür. Bununla belə o sayları bir neçə yüzü ötən (təxmini 200 nəfər deyilir) ömürlük, minlərlə müxtəlif müddətli cəza alaraq İsrail həbsxanalarında ən amansız, hətta cinsi istismara belə məruz qalan fələstinlilərin azadlığı üçün girov əməliyyatına razılaşır. Bunu ilk gündə elan edən HƏMAS mətbuat katibliyi əməliyyatın girov mübadiləsi üçün gerçəkləşdiyini söyləyir.
Eyni halda bu dünyanın diqqət mərkəzinə Fələstin adlı bir ərazinin Qəzza blokadasının vəziyyətini gətirməyə, bu dar qəfəsi qırmağa yönəlir. Suyu, qidası, işıqlanması belə İsrailin əhatəyə aldığı Qəzzanın bu daş səddini öz ölkəsində insan olaraq yaşamaq hüququnun məhdudlaşmasına etiraz olaraq fələstinlilərin atmalı olan tək addımları idi.
Sonrakı mərhələ isə dost və düşmənin vicdan və vicdansızlığına qalacaqdı.
Bu məsələdə İsrailin mövqeyi də təsəvvür olunan idi. Həmişə diktə dili ilə danışan, sərhədləri və qanunları yalnız onun tələb çərçivəsi müəyyən edən bir sistem ilk dəfə gözləmədiyi zərbəni alırdı. Burada əsasən digərlərinin (hansı ki, 6 gündə 3 dövlət ərazisinin bir hissəsini İsrailə uduzub) də cürəti yarana bilərdi deyə İsrail cavabı çox da yubatmır.
Müharibənin elanı ilə İsrail tərəf də öz məqsədini nümayiş etdirir. HƏMAS-ı məhv etmək, Qəzza əhalisini Sinay səhrasına köçürmək, ərazidə nəzarət postları qurmaq və “Filadelfiya Dəhlizi” yaratmaq, son olaraq Qəzzada idarəçiliyi İsrailin quracağı sistemə təhvil verərək öz nəzarəti altına alması olur. Terrorçu təşkilatı kimi Qəzzada mövcud olan bütün silahlı təşkilatların sonuncusu məhv olmayana qədər İsrail müharibəni dayandırmayacağını birmənalı olaraq bildirir.
Müharibənin gedişi haqqında geniş məlumat dərci təkcə müharibə deyil, özəl bir qəddarlığı ortaya qoyduğundan çox keçmir ki, bu dünyanın əksər ölkələrində anti israil etirazlarını formalaşdırdı.
Sayları 7 000-dən artıq genişmiqyaslı İsrail əleyhinə aksiyaların təxminən 6 000-i Amerika da daxil Avropa-qeyri müsəlmanların yaşadığı ölkələrdə gerçəkləşir. Bir neçə ölkə İsrailllə tam, bir neçə ölkə isə qismən əlaqələrini kəsir.
Qeyri bərabər bir müharibənin nəticələri əvvəl gündən təkcə HƏMAS və ya Qəzza camaatı üçün deyil, dünya üçün bəlli idi deyə itkilər hər ötən gün durmadan artırdı. Lakin müharibə qanunlarının belə pozulduğu bu savaş uşaq və qadınlar, xəstə və yaralılar, təcili yardım maşınları, xəstəxanalar, qaçqın düşərgələri, media işçiləri, humanitar beynəlxalq təşkilat nümayəndələrini hədəfə almaqla yanaşı adi su, dərman, qida, geyim ləvazimatları, gigiyenik vasitələri belə İsrailin hədəfində olaraq Qəzzaya verilişi tam məhdudlaşdırılır.
Məsələnin incə bir nöqtəsi müharibə üçün sona qədər dirəniş əzmini bəlli bir nəticəyə gətirir. Bomba yağışı altında əsasən sivil insanların qətliamını yaşayan qəzzalılar böyük inam və inadla bütün acılarını gözə alaraq son nəfəslərinə qədər HƏMAS-ın yanında olur və onunla qələbə əldə edə bildilər. Yüzlərlə, minlərlə yayımlanan fələstinlilərin qəlb yandıran videoları çoxsaylı acını təcəssüm etdirsə də bu yayımlarda kiçik belə eyham xalqın bu itkidə HƏMAS-ı qınaq obyektinə gətirmədi. Bütün qəzza, bütün HƏMAS tam məhrumiyyətlər içində mücadilə apardı, dözdü, dayandı və qazandı.
İsrail isə bu günə qədər dünya mediası üçün qapalı olan daxili vəziyyət, infrastruktura dəyən ziyanlar, itki və yaralıları gizlin saxlamaqla yanaşı, həftəlik etiraz dalğası altında nə müharibəni dəstəklədi, nə də rejimin əsirləri azad etmək üçün apardığı siyasətini. İlk gündən fikir ayrılığı və ziddiyyətləri aradan qaldırmaq üçün Netanyahu müharibənin uzanmasına maraqlı oldu.
Müharibə müddətində daxili məhkəmələrə hədəf olan rejim başçısı eyni halda beynəlxalq aləmdə də ittiham olunaraq barəsində həbs qətiimkan tədbiri seçildi. Şübhəsiz müharibədən sonra israil rəsmiləri, xüsusi olaraq Netanyahu hakimiyyəti çox çətin durumla üzləşəcək. Zatən haqqında narazı olan xalq kütləsi müharibənin bəlli sonluqla nəticələnməsindən məmnun olmadığı üçün rejim başçısını daxili çətin günlər gözlədiyini təxmin etmək olar.
Beləcə müharibə sülh razılaşması ilə sona çatdı. Hər iki tərəf mərhələli öhdəliklər icra edərək sülhün bəndlərini həyata keçirməyə başlayacaq. İlk növbədə əsirlərin mübadiləsi, ardınca İsrail qüvvələrinin ərazini tərk etməsi və son mərhələdə Qəzzanın infrastrukturunun bərpası sülh razılaşmasının əsasını təşkil edir. Bu o deməkdir ki, kənardan itki və dağıntının dəhşət saçan görüntüsü qəlb yandırsa da o, bu gün Qəzza xalqının HƏMAS rəhbərliyi altında istəklərinin həyata keçməsidir.
Əksi isə İsrailin bütün iddialarına baxmayaraq bu gün məqsədlərinin əksi ilə razılaşaraq məhv etməyincə dayandırmayacağı müharibənin əsas tərəfi olaraq sülh müqaviləsini məhz HƏMAS-la imzaladı.
Qərəzdən və nifrətdən kənar istənilən şəxs HƏMAS-ın bu müharibədə bütün iddialarını əldə edərək sülhə imza atdığını söyləyə bilər. Eyni iddia ilə isə İsrail haqqında fikir söyləmək sadəcə absurddur.