İsrail ordusu İordan çayının qərb sahilində keçirdiyi reyd zamanı bir fələstinlini öldürüb

Operativtv.com Amerikanın Səsinə istinadən xəbər verir ki, artan zorakılıqların qarşısını almağa cəhd edən Fələstin rəsmiləri cümə axşamı İsrail qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilində keçirdiyi reyd zamanı bir fələstinlini öldürdüyünü bildirib.

İsrail sərhəd polisinin açıqlamasında gizli bölməsinin cümə axşamı səhər saatlarında bir neçə silahlı hücumda əli olmaqda şübhəli bilinən fələstinlini həbs etmək üçün reyd keçirdiyi deyilib. Sərhəd polisi bildirib ki, şübhəli şəxsin olduğu ev mühasirəyə alınıb və ona atəş polisə silah tuşlayandan sonra açılıb.

Fələstin Səhiyyə Nazirliyi 25 yaşlı Əmir Əbu Xədicənin Tulkərim şəhərində keçirilən reyd zamanı başından vurularaq öldürüldüyünü bildirib.

İsrailin işğalı ilə mübarizə məqsədi ilə yaradılan yeni "Tülkarim Briqadası" Əbu Xədicənin onun qurucularından biri olduğunu deyib və qətli "sui-qəsd" kimi qiymətləndirib.

Cümə axşamı Fələstin torpaqlarında müsəlmanların müqəddəs Ramazan ayının ilk günü qeyd edilib.

Bundan əvvəlki illərdə də Ramazan ayında İsrail polisi ilə fələstinlilər arasında qarşıdurmalar olub. İslamın üçüncü müqəddəs məkanı olan və yəhudilər tərəfindən "Məbəd dağı" kimi tanınan Qüdsdəki Əl-Əqsa məscidi kompleksi ətrafında vaxtaşırı toqquşmalar baş verib. Ramazan bu il yəhudilərin Passover və Xristian Pasxa bayramları ilə eyni vaxta təsadüf edir.

Bazar günü İsrail və Fələstin rəsmiləri Şərm Əl-Şeyx kurortunda ABŞ, Misir və İordaniya nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə bölgədə zorakılığı azaltmaq üçün öhdəliklər götürüb.

Son bir il ərzində İsrail qüvvələri İordan çayının qərb sahilində militantlar və dinc sakinlər də daxil olmaqla, 250-dən çox fələstinlini öldürüb. Eyni zamanda Fələstinin hücumları nəticəsində 40-dan çox israilli və 3 ukraynalı həlak olub.