İranda on minlərlə insan İsveçdə Qurana hücuma etiraz edib

     İsveçdə Qurana hücuma İranın bir çox şəhərində cümə namazından sonra minlərlə insan etiraz edib. Paytaxt Tehranın İmam Xomeyni Cümə Məscidində cümə namazından sonra minlərlə insan əllərində Quran və pankartlarla yürüş edib.

Nümayişçilər “Məhv olsun ABŞ”, “Məhv olsun İsrail”, “Ölüm olsun İsveçə” və “Müsəlmanların susması Qurana xəyanətdir” şüarları səsləndiriblər. Yürüşün sonunda etirazçılar adından bəyanat oxunub. Bəyanatda müsəlmanların bu hörmətsizliyə yekdil reaksiya verməsi və diplomatik qurumların İsveçlə bütün əlaqələri kəsməsi lazım olduğu bildirilib.

İsveçin paytaxtı Stokholmda ikinci dəfə Qurana qarşı edilən hörmətsizliyin şiddətlə pisləndiyi vurğulanan açıqlamada İslam ölkələrinə İsveç mallarını boykot etməyə çağırış edilib. Tehrandan başqa, cümə namazından sonra Məşhəd, Qum, Şiraz, Simnan, Gülüstan və Cənubi Xorasanda da etiraz aksiyaları keçirilib.

Daha əvvəl İsveçdə Quran yandıran İraq əsilli Salvan Momika dünən Stokholmdakı İraq səfirliyi qarşısında Quranı və İraq bayrağını ayağının altına alaraq İslam dinini təhqir etmişdi. Bunun üzərinə İran dünən İsveçin Tehrandakı səfiri Mattias Lentsi Xarici İşlər Nazirliyinə çağırıb.