İqtisadi və Siyasi Kəsişmə: Azərbaycanda Azalan Neft Sərvətinin Qarşısında İrəliləyiş Yolu

Azərbaycan əsasən neft və qaz hasilatına güvənir və bu resursları  boru kəmərləri vasitəsilə Gürcüstan, Türkiyə, Balkan dövlətləri və Avropa İttifaqı ölkələrinin bazarlarına, bir sözlə əsasən Qərbə ixrac edir. 2010-2023 illər arasında 19,7 milyard kubmetr artım ilə təbii qaz hasilatının davamlı artmasına baxmayaraq, neft və qaz ixracından gələn gəlirlər qiymət dəyişkənliyi və xarici iqtisadi təzyiqlər səbəbindən illik olaraq azalıb.

2023-cü ildə Azərbaycan 48,3 milyard kubmetr təbii qaz hasil etsə də, xam neft hasilatı 2010-cu illə müqayisədə əhəmiyyətli dərəcədə - 1,5 dəfə və ya  20,6 milyon ton -  azalaraq  32,2  milyon tona düşüb. Beləliklə, Azərbaycan 10 il bundan əvvəl, 2013-cü ildə ölkə 44,6 milyon ton neft hasil etdiyi halda, 2023-cü ildəki 32,2 milyon ton hesabat dövrünün ən aşağı göstərici olub. Bu azalma resursların ixracından əldə edilən  gəlir potensialına təsir edən problemlərə işarə edir.

S&P Global-ın proqnozlarına görə, Azərbaycanda təbii qaz hasilatı təxminən 2031-ci ildə zirvəyə çatacaq. Lakin ölkə qaz hasilatında və onun Avropa bazarına nəqlində əhəmiyyətli maneələrlə üzləşir, bunlara infrastrukturun daşınma tutumundakı məhdudiyyətlər, yüksək tranzit tarifləri və siyasi təzyiqlər, məsələn, Avropa Parlamentinin üzvlərindən Azərbaycan qazına asılılığın azaldılması ilə bağlı çağırışlar daxildir. Əlavə olaraq, ABŞ-da neft hasilatının gələn ildən artması gözlənilir, xüsusən də Trampın ikinci prezidentliyi dövründə yeni iqtisadi siyasət, qlobal neft qiymətlərinin daha da aşağı düşməsinə səbəb ola və Azərbaycanın resurs gəlirlərində azalmaları daha da sürətləndirə bilər.

Bu çətinliklərin öhdəsindən gəlmək üçün Azərbaycana sıxılmış təbii qaz (STQ) istehsalına keçmək tövsiyə olunur, lakin ölkənin dünya okeanlarına birbaşa çıxışı olmadığını nəzərə alanda STQ-yə keçidin  rəqabət qabiliyyətliliyi azalır. Bu halda,  STQ istehsalı Azərbaycan üçün potensial  olaraq  baha başa gələ biləcək bir layihəyə çevrilə bilər.

Carbon Tracker Müstəqil Maliyyə Analitik Mərkəzi tərəfindən 31 oktyabr 2024-cü il tarixində nəşr olunan "Təlatümlər: Dəyişən enerji bazarında BC-nin STQ genişləndirilməsinin iqtisadi riskləri" adlı hesabatda STQ bazarının dinamikası araşdırılır, gələcəkdə boru kəmərləri ilə daşınan qaza tələbatın qeyri-müəyyən (və bəzi bazarlarda azalmaqda olan) olacağı və STQ təklifinin bu onilliyin sonuna qədər çoxalacağı  ehtimalını vurğulayır. Hesabatda deyilir ki, “enerji keçidi sürətləndikcə, neft sənayesi öz məhsulları üçün bazarın azalması ilə üzləşəcək. Buna cavab olaraq, bəzi şirkətlər  diqqətini  təbii qaza və xüsusi olaraq STQ-yə yönəldirlər. Sənayenin son dövrdə STQ-yə yönəlməsi yeni infrastrukturların tikintisində artım göstərir və 2030-cu ilə qədər STQ-nin qlobal istehsal gücünün təxminən 50% artacağı gözlənilir”.

Bu, COP29-u qəbul etməyə hazırlaşan Azərbaycan üçün enerji keçidini sürətləndirməyin təcili ehtiyacını vurğulayır. Buna baxmayaraq  Azərbaycan hazırda  diqqətini azalan  xarici investisiyaların çoxunu yanacaq sektoruna yönəldir ki,  fikrimcə, bu strategiya iqtisadi dəyişikliklər və enerji keçidi işığında yenidən qiymətləndirilməlidir.

2021-ci ildə Carbon Tracker tərəfindən nəşr olunan "Neft Dövlətləri Hüdudlarından Kənarda: Enerji Keçidində Neft Asılılığının Azaldılmasına Tələb" adlı hesabat Azərbaycanı ən həssas neftdən asılı olan dövlətlər arasında təsnif edir. Hesabatda Azərbaycan “5-ci Dərəcəyə” daxil edilərək gələn on ildə dövlət gəlirlərində neft və qazdan asılı gəlirlərdə 40%-dən çox azalma gözlənilən yeddi ölkədən biri, Anqoladan sonra ikinci ölkə kimi göstərilir. Buraya həmçinin Anqola, Bəhreyn, Timor-Leste, Ekvatorial Qvineya, Oman və Cənubi Sudan daxildir. Hesabatda qeyd olunur ki, dünya üzrə neftdən asılı  olan  40  dövlət iqlim siyasətinin dəyişməsi və alternativ enerji sahəsindəki texnoloji inkişaflar nəticəsində gəlirlərinin ciddi şəkildə azalması ilə üzləşə bilər və bu səbəbdən ümumi itkilər 9 trilyon dollar təşkil edə bilər. Azərbaycanda isə bu gəlir azalmalarının 68%-ə çatması ehtimal edilir.

Dünya Bankının Uzunmüddətli İqtisadi Artım Modeli (LTGM) Azərbaycanda iqtisadi durğunluq proqnozlaşdırır və cari iqtisadi siyasət dəyişməzsə, 2024-dən 2050-yə qədər orta ÜDM artımının yalnız 0,5% olacağını təxmin edir. Növbəti üç onillik ərzində adambaşına düşən ÜDM-in yalnız 11% artacağı gözlənilir. Dünya Bankının 2022-ci il Azərbaycan Ölkə İqtisadi Memorandumu qeyd edir ki, transformativ siyasət dəyişiklikləri olmadan Azərbaycan azalan və yaşlanan əhali, həmçinin karbohidrogen ehtiyatlarının tükənməsi ilə bağlı bir sıra çətinliklərlə üzləşəcək. Bu faktorlar və qeyri-neft sektorunun özəl sahəsində diversifikasiyanın olmaması gələcək iqtisadi inkişafı ciddi şəkildə ağırlaşdıracaq.

Azərbaycanın siyasi sabitliyi karbohidrogen gəlirləri ilə sıx bağlı olaraq qalır, çünki empirik araşdırmalar neft asılılığı ilə demokratik inkişaf arasında mənfi əlaqə olduğunu göstərir. Qarşıdakı onillikdə hidrokarbon gəlirlərində proqnozlaşdırılan azalma büdcə sektorunda iş yerlərinin itirilməsi və maaşların gecikdirilməsi riskini artırır, bu da tez-tez avtoritar rejim üçün dəstək bazası rolunu oynayan müəllim və səhiyyə işçiləri kimi peşə sahiblərinin dolanışığına mənfi təsir edəcək. Bundan əlavə, neft gəlirlərinin azalması ilə milli valyutanın məzənnəsinin ucuzlaşmasına tələbi artırır və real effektiv məzənnə üzrə potensial balanssızlıq yaradır. Milli valyutanın alıcılıq qabiliyyəti davamlı olaraq azalır ki, bu da devalvasiya gözləntilərini artırır, adətən bu qərarlar Azərbaycan kimi təkbaşına idarəçiliyin mövcud olduğu ölkələrdə iqtisadi institutlar  deyil, siyasi rəhbərlik tərəfindən qəbul edilir.

Əgər devalvasiya həyata keçirilərsə, bu, kapital axınını sürətləndirə, inflyasiyanı artırıb ictimai narazılığı gücləndirə bilər və nəticədə belə dəyişikliklər rejimin sabitliyini sarsıda bilər. Hakimiyyət və biznes elitası tərəfindən xaricə köçürülən kapital ilə bağlı narahatlıq da davam edir. Beynəlxalq anti-pul yuma tədbirlərinin gücləndirilməsi, potensial olaraq Azərbaycan xalqından və iqtisadiyyatından oğurlanan çirkli aktivlərin bərpasına yol aça bilər, bu isə ölkə daxilində sosial-iqtisadi və siyasi gərginliyi artıracaq. Belə bir böhran mövcud administrasiyanı sarsıda bilər, lakin tədqiqatlar göstərir ki, bir çox hallarda rejim dəyişikliyi mütləq demokratikləşməyə gətirib çıxarmır. Avtoritar rejimlər üzrə araşdırmalar göstərir ki, əksər hallarda keçidlər bir avtoritar sistemi digərinə əvəz edir; dünya üzrə 1972-2003-cü illər arasında yalnız 23% avtoritar keçid demokratik idarəetmə ilə nəticələnib və avtoritar rejim dövrlərinin bitməsi ilə baş verən 344 rejim dəyişikliyindən 79-da demokratiya bərqərar olub, 265-də isə bir avtoritar sistemi digəri əvəz edib.

Rentier dövlət kimi, Azərbaycanın siyasi transformasiyaları çox güman ki, beynəlxalq demokratik təzyiqlərdən daha çox iqtisadi böhranlar vasitəsilə həyata keçiriləcək. Maliyyə çətinliklərinə cavab olaraq, avtoritar rejimlər dövlət müəssisələrinin özəlləşdirilməsi və ya maliyyə aktivlərinin satılması əvəzinə vergiləri, rüsumları və sanksiyaları artırır. Azərbaycanın rejim rəhbərliyi neft və qaz ehtiyatlarının tükənməsinə dərhal reaksiya vermir; post-neft dövrünün yaxınlaşdığına inanmırlar. Səudiyyə Ərəbistanının sabiq neft naziri Şeyx Zaki Yamani demişdir: “Daş dövrü daşlar tükəndiyi üçün bitmədi və neft dövrü də neft tükəndiyi üçün bitməyəcək”. Bu gerçəkliyi  Azərbaycan hakimiyyəti hələ də qəbul edə bilmir.

Azalan neft sərvəti dövründə Azərbaycanın gələcəyi geniş islahatların həyata keçirilməsindən asılıdır. Bu yolu irəli aparmaq üçün hökumət post-neft dövrünün başlandığını rəsmi şəkildə qəbul etməli və korrupsiyaya qarşı sistematik və davamlı kampaniyaya aktiv şəkildə qoşulmalıdır, bu, uzunmüddətli iqtisadi sabitlik üçün vacib addımdır. Dövlət ədalətli rəqabət və maliyyə şəffaflığını təmin etməli, yüksək vəzifəli məmurların və parlament üzvlərinin öz aktivlərini və gəlirlərini bəyan etmələrini tələb etməlidir.

Əsas islahatlara iqtisadi liberallaşdırma, kapital amnistiyası proqramı və məhkəmə müstəqilliyinin təmin edilməsi və demokratik idarəetmənin təşviqi kimi fundamental dəyişikliklər daxildir. Əlavə olaraq, Azərbaycan COP29-a ev sahibliyi etməyə hazırlaşarkən, bərpa olunan enerji keçidini sürətləndirməyə və yanacaq istehsalından uzaqlaşmağa dair öhdəliklər götürmək üçün unikal bir imkana sahibdir. Bu tədbirlər yalnız iqtisadi dayanıqlılığı dəstəkləmir, həm də Azərbaycanın Avroatlantik icmaya inteqrasiyasını gücləndirərək daha dayanıqlı və inklüziv bir gələcəyə töhfə verir.

 

 

 

Qubad İbadoğlu

İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti