Həyat yoldaşı P.Aslanovun müayinə nəticələrinin qəsdən verilmədiyini düşünür

"Xəbərman" saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova ərinin müayinə cavablarının qəsdən gecikdirildiyini bildirir.
G.Aslanova vurğulayır ki, həyat yoldaşı iyulun 18-də saxlanıldığı 15 saylı Cəzaçəkmə Müəssisəsində ultrasəs müayinəsindən keçsə də, cavablarını hələ də onlara vermirlər: "Cəzaçəkmə müəssisəsində onu müayinə edən Müalicə Müəssisəsinin həkim əməkdaşı şifahi şəkildə Polad Aslanova qaraciyərində problemin olduğunu söyləyib. Polad Aslanov dəfələrlə 15 saylı Cəzaçəkmə Müəssisəsinin həkimindən müayinə cavablarını tələb etsə də, vermirlər".
Həyat yoldaşı P.Aslanovun müayinə nəticələrinin qəsdən verilmədiyini düşünür.
O, həmçinin ərinin tibbi yardımdan narazı olması ilə bağlı Ombudsmana etdiyi şikayətinin iyunun 30-da Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinə göndərildiyini açıqlayıb: "İyulun 31-də Tibb Baş İdarəsi cavab verib ki, Polad Aslanov 2020-ci ildə (həbsindən 1 il sonra) Bakı İstintaq Təcridxanasına qəbul olunarkən müayinələrdən keçirilib və "Praktiki sağlam" kimi qeydiyyata götürülüb. Tibb Baş İdarəsinin rəisi Cəmil Kamilli, diqqətinizə çatdırım ki, hazırda 2025-ci ildir, qeyd etdiyiniz tarixin üzərindən 5 il keçib".
Aslanova vurğulayıb ki, hazırki tələbləri yalnız ultrasəs müayinəsi cavablarını əldə etməkdir.
O hesab edir ki, P.Aslanovun sağlamlığı ilə oynayırlar.
Bu açıqlamaya Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.