Hüquq müdafiəçiləri jurnalıstin ev dustaqlığına buraxılması xahişi ilə ölkə prezidentinə müraciət edib

Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənənyarlı jurnalist Şahnaz Bəylərqızının səhhətində mövcüd olan problemlər səbəbindən barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı imkan tədbiri ilə əvəz olunmasına kömək etmələri xahişi ilə Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib.

“Jurnalist Şahnaz Bəylərqızı 2025-ci il fevralın 5-də "Toplum TV" işi üzrə saxlanılıb və Xətai Rayon Məhkəməsi 3 ay 15 gün müddətinə barəsində həbs qətimkan tədbiri seçib. O, beyin şişi, şəkərli diabet, hipertoniya kimi ağır xəstəliklərdən əziyyət çəkir. İstintaq və məhkəmə gedişində dəfələrlə onun vəziyyəti ağırlaşıb və təcili tibbi yardım xidmətinin əməkdaşları çağırılıb. Hazırda da o, Kürdəxanı İstintaq Təcidxanasının tibbi hissəsində saxlanılır və həkim nəzarəti altındadır. Onu da qeyd edək ki, jurnalistin himayəsində iki azyaşlı övladı var. Qeyd etdiklərimizi nəzərə alaraq jurnalist Şahnaz Bəylərqızının ev dustaqlığına buraxılmasına dəstək olmanızı xahiş edirik”, Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvlərinin müraciətində deyilir.

Fevralın 5-də jurnalist Şahnaz Bəylərqızı (Hüseynova) “Toplum TV işi”ndəki ittihamlar üzrə şübhəli şəxs qismində saxlanılıb. Fevralın 6-da Xətai Rayon Məhkəməsinin qərarı ilə jurnalist barəsində 3 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırkı iş “Toplum TV işi” üzrə cinayət işindən yanvarın 21-də ayrı icraata götürülüb.

Şahnaz Bəylərqızına qarşı həmin icraatda nəzərdə tutulan Cinayət Məcəlləsinin 162-1.1-ci (Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi), 192.3.2-ci (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2-ci (...xeyli miqdarda törədildikdə), 206.4-cü (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq) və 213.2.1-ci (vergiləri ödəməkdən yayınma - mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittihamlar irəli sürülüb.

Jurnalist ittihamları qəbul etmir.

“Məni niyə tutuduqları hələ də mənə aydın deyil”, Bəylərqızı məhkəmədə qeyd edib.

Şahnaz Bəylərqızı “Toplum TV”nin “Toplumda 10-dan sonra” verilişinin aparıcısı olub. “Toplum TV”yə açılan cinayət işindən sonra isə verilişin yayımı dayandırılıb.

2024-cü il martın 6-da hüquq-mühafizə orqanları “Toplum TV”, “Demokratik Təşəbbüslər İnstitutu”, həmçinin “III Respublika Platforması”nın ofislərində, bir neçə əməkdaşın evində axtarış aparıb.

Məlumata görə, iyirmidən çox əməkdaş polis tərəfindən saxlanılıb, bir neçə saat sonra əməkdaşların əksəriyyəti sərbəst buraxılıb, lakin “Toplum TV”nin ofisinin qapısı möhürlənib.

“Toplum TV”nin jurnalistləri Fərid İsmayılova (polis nəzarəti altına vermə barədə qətimkan tədbiri, 2025-ci il yanvarın 17-dən barəsində həbs qətimkan tədbiri seçilib), Müşfiq Cabbara, Elmir Abbasova (polis nəzarəti altına vermə barədə qətimkan tədbiri) və “Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri, həmçinin “III Respublika Platforması”nın spikeri Akif Qurbanova, eləcə də Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb və barələrində həbs qətimkan tədbiri seçilib.

2024-cü ilin martın 8-də “III Respublika Platforması”nın qurucu heyət üzvü Ruslan İzzətli və “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli də həmin ittiham üzrə həbs olunublar.

Yanvarın 17-də “Toplum TV işi üzrə” ittiham olunan şəxslərin ittihamı ağırlaşdırılıb. Onlara qarşı Cinayət Məcəlləsinin 162-1.1-ci (Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi), 192.3.2-ci (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2-ci (...xeyli miqdarda törədildikdə), 206.4-ci (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq) və 213.2.1-ci (vergiləri ödəməkdən yayınma - mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.

Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanılan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.

Dövlət rəsmiləri isə bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edir.

 

 

AmerikanınSəsi