Human Rights Watch: İsrail Livanda ağ fosfor istifadə edir

 

Human Rights Watch əvvəllər İsrail ordusunu Qəzzada və Livanda ağ fosfor istifadə etməkdə günahlandırmışdı. Növbəti dəfə də o, İsrail ordusunun Livanın cənubundakı Yohmor şəhərində ağ fosforlu sursat istifadə etdiyini açıqlayıb.

Beynəlxalq insan haqları təşkilatı bildirib ki, onun tədqiqatçıları 3 martda şəhərin yaşayış sahəsi üzərində partlayan ağ fosforlu sursatları göstərən yeddi şəkli təsdiqləyib və coğrafi olaraq yerləşdiriblər. HRW-nin məlumatına görə, şəkillərdə sursatların yaşayış sahəsi üzərində havada partladığı və yayıldığı göstərilir.

Ağ fosforun son dərəcə zəhərli bir maddə olduğu bilinir. Havadakı və ya insanların tənəffüs yollarındakı nəmlə reaksiyaya girərək fosfor turşusu əmələ gətirə bilər. Oksigenlə təmasda olduqda yüksək dərəcədə alovlanan maddə hədəf alınan ərazilərdə yanğınlara səbəb ola bilər.

Hərbi qüvvələr bəzən hərbi hərəkətləri gizlətmək və ya görünürlüyü pozmaq üçün ağ fosfordan istifadə edirlər. Maddə Kimyəvi Silahlar Konvensiyasına əsasən kimyəvi silah kimi təsnif edilmir. Lakin, mülki şəxslərin olduğu ərazilərdə istifadəsi Müəyyən Adi Silahlar haqqında Konvensiyanın üçüncü protokoluna əsasən beynəlxalq hüququn pozulması hesab olunur.

 

İsrail tərəfindən istifadə edildiyi iddia edilən ağ fosfor nədir?

HRW-un Livan üzrə tədqiqatçısı Ramzi Kaiss bildirib ki, "İsrail ordusunun yaşayış məntəqələri üzərində ağ fosfordan istifadəsi son dərəcə narahatedicidir və mülki şəxslər üçün ciddi nəticələrə səbəb olacaq".

HRW əvvəllər İsrail ordusunu Qəzza və Livanda ağ fosfordan istifadə etməkdə ittiham edib. İsrail ordusu bu iddiaları təkzib edib. İsrail Müdafiə Qüvvələri (İMQ) hələlik HRW-ın son açıqlamasına münasibət bildirməyib.

ABŞ ilə birlikdə İrana hücum edərək regional münaqişəyə başlayan İsrailin son bir həftə ərzində Livana hücumlarında 400-dən çox insanın öldüyü bildirilir.