Hərəkat sədri dələduzluqda ittiham olunaraq barəsində həbs qətimkan tədbiri seçilib

Mayın 20-də Tovuz Rayon Məhkəməsində dələduzluq ittihamı ilə həbs olunan "Son Ümid Xalq Hərəkatı"nın sədri Ramin Əliyev barəsində həbs qətimkan tədbiri seçilib. Bu barədə hüquq müdafiəçisi Rüfət Səfərov məlumat verib.

"Əliyev barəsində 2 ay 5 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Ramin Əliyev və yaxınları ittihamı qəbul etmirlər, hazırkı cinayət təqibini hakim siyasəti tənqid edən çıxışları ilə əlaqələndirirlər", o bildirib.

Ramin Əliyev qohumundan pul alaraq dələduzluq etməkdə ittiham olunur. İttihamda qeyd olunur ki, Əliyev xalası oğluna yalan vəd verməklə onun 11 min manatını ələ keçirib. Onun şikayəti əsasında da Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsilə cinayət işi başlanıb.

Yaxınları isə deyir ki, Ramin Əliyevə qarşı dələduzluq ittihamı əsassızdır. Onlar bildirir ki, Ramin Əliyevin atası Eldar Əliyev bir müddət öncə ürək əməliyyatı keçirəndə o, xalası oğlundan borc alıb.

Onların bildirdiyinə görə, o, "borcun böyük hissəsini qaytardıqdan sonra təxminən 3 min qalmıb və ödənilmiş pulu da əlavə edib indi onu dələduzluqda ittiham edirlər".

Ramin Əliyev bir müddətdir ki, təqib və təzyiq altında olduğu ilə bağlı paylaşımlar edirdi. Siyasi fəal mayın 16-da növbəti dəfə polisə çağırıldığını bildirmişdi.

"Bu gün saat 18:54-də Sabunçu Rayon Polis Bölməsindən zəng edilərək, şöbəyə dəvət olundum. Zəng edən polis əməkdaşından çağırılma səbəbini soruşdum. Polis əməkdaşı bildirdi ki, barənizdə protokol tərtib olunub.
Protokolun nə ilə əlaqədar olduğunu bilmək istədim. Cavabında bildirdi ki, "pandemiya dövründə "maska"ya görə cərimə olunmusunuz, cəriməniz 101 manat təşkil edir. Bununla bağlı sabah saat 10:00-da bölməyə yaxınlaşmağınız mütləqdir".

Daxili İşlər Nazirliyi Ramin Əliyevin həbs olunduğunu təsdiq edib.

 

AmerikanınSəsi