NİDA hərəkatı fəal Nicat Əmiraslanovun saxlanıldığını elan edib

NİDA vətəndaş hərəkatı iyunun 15-də bu təşkilatın üzvü Nicat Əmiraslanovun saxlanması ilə bağlı bəyanat yayıb.

“Daxili İşlər Nazirliyinin rəsmiləri bizə bildirdilər ki, Nicat Əmiraslanovun harada olması ilə bağlı onlarda məlumat yoxdur. Bu, onun taleyi və sağlamlığı ilə bağlı narahatlığı daha da artırır”, - hərəkatın bəyanatında deyilir.

Hərəkat Əmiraslanovun həbsini “əsassız” hesab edir və bunu “son aylarda Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı həyata keçirilən repressiya dalğasının davamı” kimi qiymətləndirir.

«Rəsmi qurumlar tərəfindən Nicat Əmraslanovun səhhəti, ona qarşı ittihamın detalları barədə məlumat verilməsini, onun və digər siyasi məhbusların dərhal azad edilməsini tələb edirik», - deyə bəyanatda bildirilir.

Əmiraslanov iyunun 15-də günortadan sonra yoxa çıxıb. Evdən çıxanda ailəsinə 5 dəqiqəyə qayıdacağını deyib və o vaxtdan onunla əlaqə kəsilib.

 Əmiraslanov  əvvəllərdə təqiblərə məruz qalıb.

2017-ci ildə Əmiraslanov Qazax rayonunda 30 sutka inzibati həbs edilib.

 

Turan.az