Birləşmiş Millətlər Təşkilatının insan hüquqları üzrə ali komissarı Volker Türk Azərbaycan hakimiyyətini həbs edilən jurnalist və fəalların işinə yenidən baxmağa, əsassız yerə həbs edilən şəxsləri azad etməyə çağırıb.
“Mən Azərbaycan hakimiyyətini beynəlxalq insan haqları hüququna uyğun olaraq, jurnalistlərin, fəalların və əsassız yerə azadlıqdan məhrum edilmiş digər bütün şəxslərin işlərinə yenidən baxmağa və onların pis rəftardan müdafiəsini təmin etməyə çağırıram”, Volker Türk iyunun 18-də Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 56-cı sessiyasının açılışında deyib.
“Əsassız həbs edilmiş bütün şəxslər dərhal azad edilməlidir”, Ali Komissar əlavə edib.
Azərbaycanda ötən ilin noyabrından başlayaraq çoxsaylı jurnalist və fəallar müxtəlif ittihamlarla həbs edilib. Abzas Media və Toplum TV kimi müstəqil media orqanlarının redaksiyaları, Demokratik Təsisatlar İnstitutu vətəndaş cəmiyyəti təşkilatının ofisi bağlanıb. Yerli və beynəlxalq insan hüquqları təşkilatları həbsləri ölkədə repressiyaların yeni dalğası kimi səciyyələndirir.
Korrupsiya araşdırmaları ilə tanınan Abzas Media xəbər saytına qarşı təqiblər 2023-cü ilin noyabrında başlayıb. Saytın direktoru Ülvi Həsənli ötən il noyabrın 20-də saxlanılıb. Həmin gün onun evində və Abzas Medianın ofisində axtarış aparılıb və ofisdən 40 min avro pul tapıldığı iddia edilib.
Həsənli ilə eyni gündə saytın direktor müavini Məhəmməd Kekalov, növbəti gün isə Abzas Medianın baş redaktoru Sevinc Vaqifqızı saxlanılıb.
Daha sonra jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı da həbs olunub.
Mayın 30-da isə “Abzas Media” işi üzrə iqtisadçı Fərid Mehralızadə saxlanılıb. İyunun 1-də Xətai Rayon Məhkəməsi iqtisadçı barəsində 3 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçib.
Onların hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. Bu maddənin sanksiyasında 5 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub.
Jurnalistlər ittihamları rədd edir və özlərini təqsirli bilmirlər. Abzas Media həbslərin “ölkə prezidentinin və onun təyin etdiyi məmurların korrupsiya cinayətləri ilə bağlı silsilə araşdırmalar”la bağlı olduğunu bildirib.
Abzas Media jurnalistləri ilə yanaşı ötən ilin son aylarında Kanal 13 internet televiziyasının təsisçisi Əziz Orucov və əməkdaşı Şamo Eminov, habelə Kanal 11 internet televiziyasının direktoru Teymur Kərimov, azerinfo.az xəbər saytının rəhbəri İbrahim Hümbətov və dunyaninsesi.az saytının rəhbəri Ərşad İbrahimov Cinayət Məcəlləsinin müxtəlif maddələri üzrə ittiham edilərək həbs ediliblər.
Bu ilin martında isə Toplum TV-yə qarşı polis reydindən sonra internet televiziyasının təsisçisi Ələsgər Məmmədli və əməkdaşı Müşfiq Cabbar “qaçaqmalçılıq” ittihamı ilə həbs edilib. Media orqanının digər əməkdaşları da cinayət işinə cəlb edilib.
Jurnalistlərlə yanaşı ötən ilin dekabrında Milli Şuranın Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu, habelə fəallar İlhamiz Quliyev və Möhyəddin Orucov saxlanılıb.
Toplum TV-yə qarşı açılan cinayət işi çərçivəsində vətəndaş cəmiyyəti fəalları Akif Qurbanov, Ruslan İzzətli, Əli Zeynal, Ramil Babayev və İlkin Əmrahov da “qaçaqmalçılıq” ittihamı ilə həbs edilib.
Aprel ayının 30-da isə tanınmış insan hüquqları müdafiəçisi Anar Məmmədli həbs edilib.
Bugünədək bir sıra beynəlxalq mətbuat azadlığı və insan hüquqları təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri və fəalları dərhal azad etməyə, siyasi təqibləri dayandırmağa çağırıblar.
Rəsmi Bakı Azərbaycanda fikir və mətbuat azadlığının hədəf alınması, jurnalistlərin əsassız həbsi ilə bağlı ittihamları rədd edir və Azərbaycanda fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının “tam olaraq” təmin edildiyini vurğulayır.
Azərbaycan prezidenti İlham Əliyev aprel 27-də Berlində Almaniya kansleri Olaf Şoltsla birgə mətbuat konfransında qeyd edib ki, Azərbaycanda media azadlığı təmin edilir və jurnalistlərin həbsi qanunvericiliyə uyğun şəkildə həyata keçirilib.
“Bir müddət bundan əvvəl xaricdən qanunsuz maliyyələşən bəzi media orqanlarının nümayəndələri istintaq orqanları tərəfindən saxlanılıb. Bu da Azərbaycan qanunvericiliyinə tam uyğun şəkildə aparılıb”, İlham Əliyev deyib.
AmerikanınSəsi
BMT İnsan hüquqları Komissarı Azərbaycanı əsassız yerə həbs edilənləri azad etməyə çağırıb