Əfv Komissiyasi işini yekunlaşdırdı - 700 müraciət ərizəsinə baxıldı

Mayın 22-də Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib. Bu komissiyanın Mayın 28-ə nəzərdə tutulan əfv sərəncamı ilə bağlı sonuncu iclası olub.

Ümumilikdə isə son bir ayda komissiya 700 ərizəyə baxıb ki, son iclasda baxılan müraciətlərin sayı 100-dən çox olub.

 Komissiya işini yekunlaşdıraraq, nəticələrini Azərbaycan prezidentinə təqdim edəcək.

Azərbaycanda sön əfv sərəncamı 2023-cü il mayın 8-də imzalanmışdı.

Sərəncama əsasən 801 məhkum əfv olunmuşdu. Onlardan 463-ü azadlıqdan məhrum etmə cəzasından, 220-i azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118-i də azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilib.

Azadlığa çıxanlardan yalnız bir neçə nəfər hüquq müdafiəçilərinin siyasi məhbus siyahılarında yer alırdı.

Bəzi yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahıya görə, hazırda isə Azərbaycan həbsxanalarında 250-300 siyasi məhbus var. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması ilə bağlı deyilənləri qəbul etmirlər. Onlar vurğulayırlar ki, siyasi məhbus siyahısında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.