DSX yaralanan əsgərlə bağlı məlumat yayıb

İyulin 31-də Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatının qarşısının alınması zamanı yaralanan hərbi qulluqçu üzərində avqust ayının 1-də aparılan cərrahiyyə əməliyyatı uğurla başa çatıb.  
 
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. 
 
Verilən məlumata görə hərbiçinin hazırda vəziyyəti qənaətbəxşdir. Dövlət Sərhəd Xidməti rəisinin müavini – Sərhəd Qoşunlarının Komandanı general-leytenant Əsgər Xəlilov hərbi qulluqçuya baş çəkib, cərrahiyyə əməliyyatından sonrakı vəziyyəti ilə yaxından tanış olub. 
 
General-leytenant Ə.Xəlilov hərbi hospitalda hərbi qulluqçunun valideynləri ilə görüşüb, övladlarını dövlətə sədaqət, vətənpərvərlik və düşmənə nifrət ruhunda tərbiyə etdiklərinə görə Dövlət Sərhəd Xidmətinin rəh­bərliyi adından təşəkkürünü bildirib, oğullarının tezliklə sağalması üçün bütün lazımi tədbirlərin görüləcəyinə onları əmin edib.