17 June 2025

Əmmar Həkim: İraq İran və sionist rejim arasındakı müharibədə bitərəf deyil

Milli Hikmət Hərəkatının Rəhbəri Əmmar Həkim Bağdadda bəzi iraqlı qəbilələrə müraciət edərək vurğulayıb ki, İraq İran və sionist rejim arasındakı müharibədə bitərəf deyil, əksinə, İran İslam Respublikasının yanındadır.

Seyid Əmmar Həkim müxtəlif siyasi, diplomatik, media və humanitar sahələrdə İran İslam Respublikasına verdiyi dəstəyi sadalayıb.

İraqın siyasi lideri qeyd edib ki, İranın sionist rejim qarşısında qələbəsi sevinc və xoşbəxtlik mənbəyidir.

İranın Baş Qərargah rəisi: İran hələ İsrailə qarşı ciddi əməliyyat keçirməyib

İran hələlik İsrailə qarşı ciddi hərbi əməliyyat həyata keçirməyib və yalnız xəbərdaredici xarakterli zərbələrlə kifayətlənib.

"Al Alam" telekanalı xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Əbdülrəhim Musəvi bəyan edib.

“İndiyədək həyata keçirilən əməliyyatlar sadəcə qarşı tərəfi çəkindirmək məqsədi daşıyan bir növ xəbərdarlıq idi”, – deyə Musəvi "Al Alam" telekanalına açıqlamasında bildirib.

21 müsəlman ölkəsi birgə bəyanat yayaraq İsrailin İrana hücumunu pisləyib

21 müsəlman ölkəsinin xarici işlər nazirləri birgə bəyanat yayaraq İsrailin İrana hücumunu pisləyib.

Tərəflər vəziyyətin təhlükəli şəkildə gərginləşməsindən ciddi narahatlıqlarını ifadə ediblər.

Bəyanatı İraq, Qətər, Səudiyyə Ərəbistanı, BƏƏ, Oman, Küveyt, Bəhreyn, İordaniya, Misir, Sudan, Əlcəzair, Komor adaları, Cibuti, Somali, Liviya, Mavritaniya, Pakistan, Türkiyə, Çad və Bruney xarici işlər nazirləri imzalayıblar.

XİN: İran və İsraildə ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olması barədə məlumat yoxdur

İsrailin və İranın qarşılıqlı hava hücumları nəticəsində hər iki ölkədə ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olması barədə səfirlik və konsulluqlarımıza məlumat daxil olmayıb.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə deyib.