Bu gün Məhərrəm ayının ilk günüdür

Bu gündən - iyunun 27-dən Azərbaycanda Məhərrəm ayı başlayır.

İslam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri-qəməri təqvimin ilk ayıdır və İmam Hüseynin (ə) və onunla birlikdə Kərbəlada şəhid olanların anım ayı kimi qeyd olunur.

Məhərrəm ayının ən önəmli günü hesab edilən Aşura günü isə iyulun 6-na təsadüf edəcək. Həmin gün hicri təqvimi ilə 10 Məhərrəm - İmam Hüseynin (ə) Kərbəla çölündə şəhadətə çatdığı gündür, matəm və hüzn içində yad edilir.

İmam Hüseyn (ə) İslam Peyğəmbəri Hz Muhəmmədin (s) nəvəsi, İmam Əlinin (ə) və Xanım Zəhranın (s.ə.) övladıdır. Allah Rəsulu (s) hələ sağ ikən Kərbəla hadisəsi haqqında danışmış, Hüseynin (ə) amansızcasına şəhid edilməsini xəbər vermişdir.

İmam Hüseyni (ə) Müaviyənin oğlu Yəzid (l) Kərbəlada şəhadətə çatdırmışdır. İmamla bərabər 19 ailə üzvü də şəhid edilmişdir ki, onlardan ən kiçiyi 6 aylıq körə Əli-Əsqər (ə) olmuşdur. İmam öldürüldükdən sonra başı bədənindən ayrılmış, bədəni üzərində atlar çapılaraq onun cənazəsi belə düşmən vəhşiliyinə səhnə olmuşdur. 

Kərbəla hadisəsindən sonra Hüseynin (ə) bacısı Zeynəb (s.ə.) də daxil olmaqla bütün Kərəbəla şəhidlərinin ailələri əsir götürülərək Şama, Yəzidin sarayına aparılmışdır. Bu dəhşətli sürgün zamanı aclıq, səfalət və sitəmin şiddətindən Hüseynin 3 yaşlı qızı Rüqəyyə (s.ə.) də şəhadətə yetmişdir.