Bayden administrasiyası Türkiyə və Macarıstanı da İkinci Demokratiya Sammitinə dəvət etməyib

Bu il növbəti, ikinci dəfə Amerika Birləşmiş Ştatlarının təşkil etdiyi Demokratiya Sammitində 120-yə yaxın ölkə iştirak edəcək. Lakin Bayden administrasiyası iki NATO müttəfiqi Türkiyə və Macarıstanı gələn həftə keçiriləcək sammitə dəvət etməyib.

ABŞ prezidenti Co Bayden və Ağ Evin ən mühüm xarici siyasət təşəbbüslərindən biri kimi gördükləri sammit “avtoritar hökumətlər qarşısında demokratiyaları gücləndirmək” məqsədi daşıyır.

"Foreign Policy" qəzetində yer alan xəbərə görə, 3 ABŞ rəsmisi bunun Finlandiya və İsveçin NATO üzvlüyünün təsdiqinə ehtiyac olmasına baxmayaraq, Türkiyə və Macarıstanda demokratik geriləmə ilə bağlı Vaşinqtonun narahatlığını, eləcə də bu iki ölkənin Rusiya Ukrayna müharibəsində NATO-ya qarşı dəstəyini göstərdiyini bildirib.

Xəbərdə prezident Rəcəb Tayyib Ərdoğanın “hakimiyyəti əlində toplayıb ölkədəki demokratik ünsürləri məhv etdiyi, lakin hələ də 20 illik hakimiyyətinin ən çətin seçkiləri qarşısında qaldığı” bildirilib.

Digər tərəfdən, Macarıstanın baş nazir Viktor Orbanın rəhbərliyi altında Avropa Birliyi və NATO-dan uzaqlaşaraq demokratik proseslərdə geriləmə olduğu, Orbanın Ukraynadakı işğala baxmayaraq Rusiya ilə yaxın əlaqələri davam etdirdiyi diqqətə çatdırılıb. Sammitə dəvət edilməməsinin Vaşinqtonla onun iki müttəfiqi arasında münasibətləri daha da gərginləşdirəcəyi və NATO və Aİ ilə daha çox fikir ayrılığına səbəb ola biləcəyi gözlənilir.

Martın 28-30-da Vaşinqtonda keçiriləcək sammitə Bayden və komandasının 20 yüksək səviyyəli üzvü qatılacağı halda, Kosta Rika, Cənubi Koreya, Hollandiya və Zambiya da tərəfdaş ölkələr kimi iştirak edəcək.

Ekspertlər ümid edirlər ki, sammit sayəsində son illərdə bütün dünyada yaşanan demokratik geriləmələr fonunda hökumətlər arasında münasibətlər yenidən canlanacaq. ABŞ rəsmiləri isə israr edirlər ki, hansısa ölkənin sammitə dəvət edilib-edilməməsi demokratik lakmus kağızı kimi qəbul edilməməlidir. Adının çəkilməsini istəməyən bir rəsmi ABŞ-ın NATO-nun iki mühüm müttəfiqi Türkiyə və Macarıstanla birlikdə işləmək və münasibətləri yaxşılaşdırmaq əzmində olduğunu vurğulayıb.

2021-ci ilin sonunda keçirilən birinci sammitə Türkiyə və Macarıstan dəvət edilməyib. Buna cavab olaraq Macarıstan Avropa İttifaqının sammitdə birgə rol oynamasına mane oldu. Dəvət olunmayan dövlətlər sırasında Azərbaycan da var.