Azərbaycanın Suriya neft və qaz sektorunun bərpasında oynaya biləcəyi rol müzakirə olunub

Suriya Prezidenti Əhməd əl-Şəraa və Azərbaycan Prezidenti İlham Əliyev Antalyada keçirilən Diplomatiya Forumu çərçivəsində görüşərək, Bəşər Əsədin hökumətinin devrilməsindən sonra Suriyada atıla biləcək addımları müzakirə ediblər.
Hər iki ölkənin liderləri arasında Azərbaycanın Suriya neft və qaz sektorunun bərpasında oynaya biləcəyi rol müzakirə olunub. Bu barədə məsələ ilə tanış olan mənbə “Middle East Eye” nəşrinə bildirib.
Mövzuyla bağlı məlumatlı bir mənbə “Middle East Eye”-a bildirib ki, Suriya hökuməti Azərbaycanın dövlət neft şirkəti SOCAR-ın, ABŞ-nin dəstəklədiyi Suriya Demokratik Qüvvələrinin (SDQ) nəzarətində olan şimal-şərqdəki neft və qaz yataqlarının işlənməsində iştirak etməsində maraqlıdır.
Bu ayın əvvəlində İsrailin Suriya ərazisində üç hərbi bazanı hədəf almasından sonra Azərbaycan, İsrail və Türkiyə rəsmiləri arasında gərginliyin azaldılması üzrə görüşlərə ev sahibliyi etmişdi. Bu hücumların məqsədi, Türkiyə qüvvələrinin həmin bazaları ələ keçirməsinin qarşısını almaq idi.
Mövzunu şərh edən ikinci mənbə bildirib ki, Suriya regiondakı bütün oyunçulara qarşı balans yaratmaq istəyir, Neft və qaz yataqlarında həm Türkiyə, həm də Azərbaycanın iştirakı İsrail üçün müəyyən təminat hissi yarada bilər.
Bu ilin yanvarında SOCAR Türkiyənin baş direktoru Elçin İbadov şirkətin Suriya enerji sektorunda fəaliyyət göstərməyə hazır olduğunu bildirmişdi:
“Əgər SOCAR Türkiyəyə, Azərbaycan və Türkiyənin ortaq strateji maraqları çərçivəsində uyğun bir rol verilsə və bu enerjiyə tələbat olsa, bu missiyanı yerinə yetirmək bizim borcumuzdur.”
Mart ayında Suriya Demokratik Qüvvələrinin lideri Mazlum Əbdi ilə Əhməd əl-Şəraa arasında birlik sazişi imzalanıb. Bu razılaşma ilə SDQ enerji yataqlarının nəzarətini rəsmi şəkildə Dəməşq hökumətinə vermiş olub. Lakin Şəraa hökuməti hələlik faktiki olaraq həmin ərazilərə nəzarət etməyə başlamayıb.
Suriya hökuməti ilə SDQ arasındakı razılaşma ilə tanış olan regional rəsmilər bildirir ki, yataqlardan gələn gəlirin 70 faizi mərkəzi hökumətə, 30 faizi isə yerli ehtiyaclara ayrılacaq.