Avropa İttifaqı Azərbaycandan istədiklərini bəyan etdi

Avropa İttifaqının ATƏT-dəki nümayəndəliyi Azərbaycanla bağlı bəyanat yayıb.
Bəyanatda deyilir:"Aİ əmindir ki, qanunun aliliyinin, insan haqlarının və demokratik təsisatların möhkəmləndirilməsi Azərbaycanın uzunmüddətli maraqlarına, müstəqil, sabit və firavan ölkənin təmin edilməsinə xidmət edir.
Mayın 22-23-də Brüsseldə keçirilən Ədliyyə, Azadlıq, Təhlükəsizlik və İnsan Haqları və Demokratiya üzrə Alt Komitənin iclasında Aİ Azərbaycanın məhkəmə sisteminin gücləndirilməsi, korrupsiyaya qarşı mübarizənin effektiv mexanizmlərinin yaradılması və Aİ standartlarına uyğun olaraq şəffaflığı təmin etmək üçün dövlət idarəçiliyinin modernləşdirilməsi istiqamətində addımlar atmaq öhdəliyini təqdir edib. Eyni zamanda, Aİ Azərbaycanın məhkəmə sisteminin müstəqilliyini və qərəzsizliyini təmin olunması üçün əlavə addımların atılmasının vacibliyini qeyd edib və müstəqil səslərin (şəxslərin) davamlı təqib olunmasından narahatlığını ifadə edib. Aİ, həmçinin Venesiya Komissiyasının 2022-ci il Media Qanunu və Siyasi Partiyalar haqqında yeni Qanunla bağlı 2023-cü il rəyini xatırladıb və bu qanunların Azərbaycanda siyasi plüralizmə və toplaşmaq azadlığından istifadəyə təsir göstərə biləcəyindən narahatlığını bildirib. Aİ Azərbaycanın islahatlarda əsas tərəfdaşıdır və mənalı islahatların aparılmasında Azərbaycana dəstək verməyə hazırdır. Aİ-nin hər zaman və istənilən şəraitdə ölüm hökmünə qarşı prinsipial mövqeyinə uyğun olaraq, biz Azərbaycanın ötən ilin mart ayında Avropa İnsan Hüquqları Konvensiyasına bütün hallarda ölüm hökmünü qadağan edən 13 saylı Protokolun imzalamasını alqışlayır və onun ratifikasiyasını səbirsizliklə gözləyirik. Aİ Azərbaycanın ATƏT ilə hər üç aspektdə müsbət əməkdaşlığını, təşkilatımızın və onun bütün strukturlarının səmərəli fəaliyyətini təmin etmək üçün zəruri qərarların təcili qəbul edilməsinə konstruktiv yanaşmanı və çevikliyi təşviq edir, xüsusilə də Vahid Büdcə və büdcə- əlaqəli məsələlərdə" , bəyanatda vurğulanıb".
 
Azadlıq Qəzeti