2319 məhkumun cəza müddəti azaldıldı

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş idarəsində 2018-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.
 
Qaynarinfo xəbər verir ki, Penitensiar xidmətin rəis müavini, ədliyyə general-mayoru Oqtay Məmmədov çıxış edərək hesabatı təqdim edib. 
 
O bildirib ki, 24 may tarixində 634 məhkumun, o cümlədən azadlıqdan məhrum etmə cəzasını çəkən 607 məhkumun əfv edilməsi ilə bağlı sərəncam vaxtında icra edilib. 
 
Dövlət başçısının təşəbbüsü ilə 20 oktyabr 2017-ci il tarixdə Cinayət Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı qəbul olunmuş Qanunun icrası ilə bağlı 2018-ci il ərzində penitensiar müəssisələrdə cəza çəkən 6011 məhkum barədə müvafiq sənədlər məhkəmələrə təqdim edilib, 647 məhkum cəza çəkməkdən azad olunub, 2319 məhkumun cəza müddəti azaldılıb, 851 məhkumun cəzaçəkmə rejimi dəyişdirilib. 
 
2018-ci il ərzində həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində həbs edilmiş şəxslərdən və məhkumlardan 1770 manat məbləğində pul, 96 mobil telefon, 139,327 qram narkotik və psixotrop maddələr aşkar edilərək götürülüb. 
 
Digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyət nəticəsində 579 müxtəlif cinayətin üstünün açılmasına köməklik göstərilib. Həbs edilmiş şəxslər və məhkumlar tərəfindən könüllü olaraq təqdim edilən 7 ədəd odlu silah götürülərək aidiyyəti orqanlara təhvil verilib.