Bir neçə hakim cəzalandırılıb

Məhkəmə-Hüquq Şurasının iclası keçirilib. Fevralın 27-də yayılan rəsmi məlumata görə, iclasda qeyd olunub ki, 2018-ci ildə 14 hakimin fəaliyyəti qeyri-məqbul sayılıb, onların səlahiyyətlərinə xitam verilib, habelə 4 məhkəmə sədri aşağı işə keçirilib, 6 hakim intizam məsuliyyətinə cəlb edilib, 2 nəfərin tutduğu vəzifədən azad edilməsi, 1 nəfərin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi barədə qərarlar qəbul olunub.
 
Hesabata əsasən, şuranın fəaliyyət göstərdiyi 2005-ci ildən hakimlər barədə 250-dən çox intizam icraatı başlanıb, 122 hakim qanunvericiliklə nəzərdə tutulmuş müxtəlif əsaslarla məhkəmə sistemindən kənarlaşdırılıb.
 
Novator.az bildirir ki, yeni qərarlarla Şabran Rayon Məhkəməsinin sədri Çingiz İsgəndərova, Qaradağ Rayon Məhkəməsinin hakimi Teymur Qurbanova, Quba Rayon Məhkəməsinin hakimi İlqar Məmmədova, Abşeron Rayon Məhkəməsinin hakimi Sevinc Quliyevaya, Mingəçevir Şəhər Məhkəməsinin hakimi Ələkbər Hüseynova və Xaçmaz Rayon Məhkəməsinin hakimi Vladimir Ruvinova töhmət verilib, Abşeron Rayon Məhkəməsinin hakimi Vaqif Həsənova irad tutulub, bir neçə hakim barədə intizam icraatları başlanıb.
 
Sumqayıt Şəhər Məhkəməsinin hakimi İlyas Mahmudovun hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi, Kəpəz Rayon Məhkəməsinin hakimi Yaşar Həşimovun tutduğu vəzifədən azad olunaraq başqa işə keçirilməsi barədə qərar qəbul edilib.
 
Məhkəmə-Hüquq Şurası vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsinin təşkili, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, onların iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi funksiyalarını həyata keçirən orqandır. Ədliyyə naziri Fikrət Məmmədovun sədrlik etdiyi quruma Ramiz Rzayev (Ali Məhkəmənin sədri), Fuad Ələsgərov (Prezident Administrasiyasının şöbə müdiri), Ziyafət Əsgərov (Milli Məclis sədrinin birinci müavini), Rafael Qvaladze (Konstitusiya Məhkəməsinin hakimi), Şəlalə Məmmədova, Şahin Yusifov (Ali Məhkəmənin hakimləri), Tapdıq Mahmudov (Gəncə Apellyasiya Məhkəməsinin sədri), Rizvan Səfərov (Bakı Apellyasiya Məhkəməsinin hakimi), Qasım Əliyev (Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri), Azər Cəfərov (ədliyyə nazirinin müavini), Namiq Əsgərov (baş prokurorun müavini), Xəqani Tağıyev (Quba Rayon Məhkəməsinin sədri), Ramiz İbrahimov (Vəkillər Kollegiyasının üzvü, 4 saylı hüquq məsləhətxanasının müdiri) daxildir.