Türkiyə gəmisinə hücum Ukrayna tərəfindən edilib

Türkiyə neft tankeri ALTURA İstanbul boğazının girişindən 22 kilometr aralıda pilotsuz sualtı vasitə tərəfindən həyata keçirilən hücumda hədəfə alındı. Təqaüdçü Kontr-Admiral Cem Gürdeniz hücumun Ukrayna tərəfindən həyata keçirildiyini bildirib və deyib: "Türkiyəni qorxutmağa yönəlmiş bu təkəbbürlü hərəkət cavabsız qalmamalıdır".

Qara dənizdən İstanbul boğazına yaxınlaşan və 1 milyon barel neft daşıyan türk tankeri ALTURA 26 mart səhəri boğazın girişindən 22 kilometr aralıda pilotsuz sualtı vasitə tərəfindən hücuma məruz qalıb. Təqaüdçü Kontr-Admiral Cem Gürdeniz hücumun Ukrayna tərəfindən həyata keçirildiyini iddia edib.

Gürdeniz hücumu “Türkiyə üçün təhdid” kimi qiymətləndirərək bildirib ki, “Qara dənizdə, öz kontinental şelfimizdə, Türkiyə boğazlarından bir az kənarda bu cür hücumların qarşısını ala bilməməyimiz ciddi təhlükəsizlik zəifliyidir”.

“Sözcü”yə danışan Gürdeniz hücumun iki mesaj daşıdığını bildirib: “Montrö Konvensiyasına əsasən Türkiyənin nəzarəti altında olan Türkiyə boğazlarında nəqliyyatın Türkiyəyə ən yaxın nöqtədə müdaxilə edilə biləcəyi göstərilib və tam dolu xam neft tankerinə hücum etməklə, lazım gələrsə, Türkiyənin çox böyük ekoloji fəlakətlə üzləşə biləcəyi mesajı verilib”.

Gürdəniz həmçinin bildirib ki, “NATO tərəfindən dəstəklənən Ukraynanın Anadoluda birgə korpus qərargahı yaradacağı xəbərindən sonra Ukraynanın Türkiyəni təhdid edən bu təkəbbürlü hərəkəti cavabsız qalmamalıdır”.

Xatırladaq ki, ABŞ və İsrail 28 fevralda İrana hərbi hücum etdi və İran İsrailə və Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyndə yerləşən ABŞ bazalarına qarşı qisasa başladı. Münaqişələrin başlaması ilə Hörmüz boğazında gəmilərin hərəkəti dayandı və qlobal neft bazarlarında təchizatla bağlı narahatlıqlar yarandı.