Samir Babayevlə əlaqə kəsilib

İfşaedici telefon zəngindən sonra günlərdir ki, ictimai fəal Samir Babayevlə əlaqə saxlamaq mümkün olmur. 1 saylı Bakı İstintaq Təcridxanasından yayılan səs yazısında Babayev saxlanıldığı müddətdə polis idarələrində gördüyü işgəncələrdən danışmışdı. O, hətta dövlət qurumlarında polis əməkdaşlarının ona fiziki zor tətbiq edərək başını unitaza salmağa cəhd etdiklərini açıqlamışdı.

Martın 16-da ailəsi ilə son telefon danışığını edən Babayev daha sonra heç bir zəng edə bilməyib. Ailəsi bu vəziyyətdən ciddi narahatdır və yayılan səs yazısından sonra onun daha ağır işgəncələrə məruz qalmasından ehtiyatlanır.

Xatırladaq ki, Samir Əbdülxaliq oğlu Babayev martın 6-da səhər işə gedərkən mülki geyimli polis əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı narkotiklərlə bağlı ittiham irəli sürülüb. Martın 16-da ailəsi ilə telefon əlaqəsi zamanı yayılan səs yazısında Babayev bir neçə polis idarəsində işgəncələrə məruz qaldığını bildirmişdi.