Kolumbiyada 100-dən çox hərbçini daşıyan təyyarə qəzaya uğrayıb, azı 66 nəfər ölüb

Kolumbiyanın cənubunda, meşəlik ərazidə "Hercules C-130" hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində azı 66 nəfər həlak olub, daha 57 nəfər isə xəsarət alıb.

Bu barədə təyyarənin havaya qalxdığı Puerto-Legisamo şəhərinin təhlükəsizlik və inzibati idarəetmə üzrə baş köməkçisi Karlos Klaros "The Wall Street Journal" nəşrinə telefonla verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, göyərtədə olan bəzi hərbçilər təyyarə yerlə toqquşmadan bir neçə saniyə əvvəl özlərini aşağı atıblar. Hava gəmisində olan 125 nəfərdən dördü hələ tapılmayıb, onların axtarışları davam edir.

Qəzanın səbəbi hələlik müəyyən edilməyib.