1 saylı Bakı İstintaq Təcridxanasında iki kişi məhbusa işgəncə verilib.
Bu barədə Meydan TV-nin həmin təcridxanada olan jurnalistləri məlumat veriblər.
Onların sözlərinə görə, martın 23-dən 24-ə keçən gecə saat 12 radələrində təcridxananın kişi korpusunda özünə xəsarət yetirən 2 məhbus Tibbi Sanitar Hissəyə gətirilib.
“İlkin tibbi yardım göstərilən zaman məhbuslarla təcridxana əməkdaşları arasında mübahisə yaşanıb. Bu zaman “depenka”lar məhbusların qollarını qandallayıb, təhqir edə-edə dəhlizin sonundakı gəzinti həyətinə aparıblar. Yaranan səs-küyə gəzinti həyətinə açılan pəncərəyə çıxan jurnalistlər zorakılığa şahid olublar. 10-a yaxın əməkdaş məhbusları yerə yıxıb sifətlərini təpikləyib, bədənin müxtəlif nahiyələrinə fasiləsiz zərbələr endiriblər”, – məlumatda belə deyilir.
Həbsdə olan jurnalistlərin sözlərinə görə, zorakılıq təcridxananın ümumi rejim rəisi Vahid Atakişiyevin nəzarəti altında keçirilib.
“Əliqandallı, yerə qısılmış halda işgəncə qarşısında qalan məhbuslar özlərini müdafiə edə bilməyiblər. Jurnalistlər zorakılıq aktına etiraz etdikdə “depenka” işığı söndürüb işgəncəyə davam edib. Etirazlara çevrilib jurnalistləri də təhqir etməklə cavab veriblər. 15 dəqiqə davam edən zorakılığın sonunda məhbusların ağrıdan səsləri kəsilib”.
“Hadisədən geriyə “praqul”un laxta qana bulaşmış divarları və döşəməsi qaldı. Səhərin ilk işıqları ilə təsərrüfatın məhbus işçiləri gəzinti yerinin divarını, döşəməsini yuyub təmizlədilər. Təcridxana rəhbərliyi hadisəni “təmizliklə” ört-basdır etdi”, – məlumatda belə deyilir.
Deyilənlərlə bağlı aidiyyatı qurumlardan açıqlama almaq mümkün olmayıb.
1 saylı Bakı İstintaq Təcridxanasında iki kişi məhbusa işgəncə verilib