Suriyada ABŞ qüvvələrinin nəzarətində olan düşərgədə iki min insan girov kimi saxlanılır - Sülh Mərkəzi

“ABŞ-ın nəzarətində olan bölgədə yerləşən və onun dəstəklədiyi silahlı qruplaşmalar iki min civarında qaçqını girov kimi saxlayırlar.”

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Suriyadakı “Sülh Mərkəzi”nin rəhbəri Oleq Eqorov açıqlama verib.

“ABŞ-ın nəzarətində olan qeyri-qanuni silahlı qruplaşmalar Rukban düşərgəsində 2000-dən çox qaçqını saxlayır və onlardan canlı qalxan kimi istifadə edirlər”, deyə o bildirib.

O, qeyd edib ki, qaçqınların yeməyə, suya və tibbi yardıma ciddi ehtiyacları var, lakin onlar yığdıqları puldan qat-qat artığını yaraqlılara ödəmədən düşərgəni tərk edə bilmirlər.

Eqorov əlavə edib ki, ABŞ ordusunun briqada generalı və koalisiya rəhbərliyinin nümayəndəsi Erik Stronq Rusiyanın Sülh Mərkəzinin ekspertlər qrupunun oradakı humanitar vəziyyəti qiymətləndirmək üçün düşərgəyə getməsinə icazə vermək təklifini rədd edib.

Qeyd edək ki, sözügedən düşərgə Suriya-İordaniya və İraq sərhədi kəsişməsi yaxınlığında yerləşir. Bura ABŞ-ın və onun dəstəklədiyi “Məğavir əs-Səura” qruplaşmasının nəzarətindədir.