Vəkil Fariz Namazlı həbsxanalardakı ölüm faktlarından yazdı

Azərbaycanda cəzaçəkmə müəssisələrində ölən və ya intihar edən məhkumların sayı ilə bağlı rəsmi və açıq statistika mövcud deyil. Ölüm hallarının hansı şəraitdə baş verdiyi ilə bağlı effektiv araşdırmaların aparılmaması, eləcə də ailə üzvləri tərəfindən edilən şikayətlərin azlığı bu sahədə cəzasızlıq mühitini daha da dərinləşdirir. Nəticədə məhkum edilmiş şəxslərin hansı şəraitdə vəfat etməsi barədə ictimaiyyətə əsaslandırılmış məlumatlar təqdim edilmir. Halbuki, şəxsin məhkum edilməsi faktının özü dövlətin üzərinə xüsusi öhdəliklər qoyur. Dövlət məhkumun həyatına tam nəzarəti ələ aldıqdan sonra onun yaşamaq hüququnun qorunmasına görə birbaşa məsuliyyət daşıyır. Cəzaçəkmə müəssisəsində baş verən hər bir ölüm faktı üzrə dövlət ölümün səbəblərini izah etmək, şübhələri aradan qaldırmaq və baş verənləri hərtərəfli, müstəqil və effektiv şəkildə araşdırmaq vəzifəsi daşıyır. Bu öhdəliyin yerinə yetirilməməsi təkcə səhlənkarlıq deyil, həm də Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci maddəsi olan yaşamaq hüququnun pozuntusu deməkdir. Avropa Məhkəməsi ötən il Qobustan həbsxanasında 2014-cü ildə yanaraq ölən E.B.-nin işi üzrə qəbul etdiyi qərarda bir daha vurğulayıb ki, saxlanılan şəxslər son dərəcə həssas vəziyyətdədir və dövlət onların həyatını qorumaq üçün aktiv tədbirlər görməyə borcludur. Məhkəmə açıq şəkildə qeyd edib ki, saxlanma zamanı baş verən ölüm hallarında sübutetmə yükü dövlətin üzərinə düşür və dövlət “nə baş verdiyini bilməmək” mövqeyi ilə məsuliyyətdən yayınmaq hüququna malik deyil.
Bununla yanaşı, mətbuatda yayılan məlumatlara əsasən, 2024-cü ilin ilk 6 ayı ərzində 48 məhkumun, 2025-ci ilin yanvar ayında isə 10 məhkumun ölüm faktı qeydə alınıb. Lakin rəsmi statistikanın olmaması, ölüm hallarının sistemli şəkildə gizlədilməsi və ya pərakəndə məlumatlarla əvəzlənməsi bu rəqəmlərin arxasında duran real mənzərəni ört-basdır edir və dövlətin üzərinə düşən hesabatlılıq öhdəliyini faktiki olaraq aradan qaldırır.
Həbsxanada ölən insanın səsi yalnız dövlətin öhdəlikləri və cəmiyyətin tələbkarlığı ilə eşidilə bilər, bu səs eşidilmədikdə isə susqunluq dövlətin məsuliyyətdən yayınmasının alətinə çevrilir.