Sadıkovların keçmiş şərikinə 11 illik həbs cəzası tələb olunur

 Bakı Ağır Cinayətlər Məhkəməsində Kamal Akimoviç Akimovun cinayət işi üzrə məhkəmə prosesi davam edir. 2015-ci ildə Kamal Akimovun əmlakı dağıdılıb. Bu əmlaka görə ona iş adamı tərəfindən hissə-hissə ödənilmiş pul vəsaiti isə sonradan onun üçün baş ağrısına  çevrilib. 

İş adamı hüquq-mühafizə orqanlarına şikayət edib ki, guya Akimov həmin pulu ondan hədə-qorxu yoluyla alıb. Elə buna görə də Akimova Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. İsrtintaqın qənaətinə görə Kamal Akimov Azər Əsgərovdan hədə-qorxu ilə pul tələb edib.   
Əmlakını sökdüyü şəxsdən şikayətçi düşənsə “Azimport” şirkətinin sahibi Azər Əsgərovdur. O, həm də  Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidentidir. Şikayət ərizəsində göstərib ki, Akimov onun ailəsini hədələməklə hissə-hissə olmaqla cəmi 500 min dollar alıb. Bu şikayət əsasında Akimov cinayət məsuliyyətinə cəlb edilib. 

Akimovsa özünü təqsirli bilməyib. O, həm ibtidai istintaq, həm də məhkəmə zamanı verdiyi ifadələrdə göstərib ki, 10 il əvvəl “Azimport” şirkəti ona məxsus qeyri-yaşayış sahəsini söküb. Söhbət Səbail rayonu, Ziya Yusifzadə küçəsi 8 (keçmiş Xanlar küçəsi) ünvanında yerləşən, 146 kvadratmetrlik qeyri-yaşayış sahəsindən gedir. Bir neçə il tərəflər arasında məhkəmə çəkişməsi gedib, Kamal Akimov mülkiyyətinə görə tələb etdiyi kompensasiyanı almaqdan ötrü dövlət orqanlarına şikayətlər yazıb. Onun sözlərinə görə, xeyli mübarizədən sonra şirkət rəhbəri ona əmlakının əvəzi olaraq 800 min dollar ödəmək öhdəliyi götürüb. 500 min dolları 2 il ərzində hissə-hissə ödənilib. Qalan pulu şirkət sahibi  ödəməkdən imtina edib. Sonradansa sahibkar ödədiyi 500 min dolları da ondan geri almaq fikrinə düşüb və belə bir şikayət edib.  
Zərərçəkmiş qismində tanınan Azər Əsgərovsa məhkəmədə deyib ki, ondan  hədəylə tələb olunaraq alınan 500 min dolların sökülən əmlaka aidiyyəti yoxdur. Hərçənd, o da Kamal Akimovun əmlakının söküldüyünü, buna görə mübahisə olduğunu təsdiqləyib: “2014-cü ildə şirkətin hüquqşünası dedi ki, tikinti zonasında mülkiyyət hüququ olduğunu iddia edən keçmiş sakinlərdən biri məhkəməyə müraciət edib, təzminat tələb edir. Şirkətin hüquqşünasları məhkəmədə şirkətin hüquqlarını müdafiə etməyə başladılar. Mən inşaatçıyam, bir neçə dövlət layihəsi həyata keçirmişəm. Mən tikintini aparan şirkət olmuşam, ərazidə söküntü aparan şirkət olmamışam”. 

Azər Əsgərov iddia edib ki, Kamal Akimov bir neçə ildir onu hədələyir. Onun sözlərinə görə, 500 min də ondan bir neçə il ərzində alınıb. Təqsirləndirilən şəxsin vəkili zərərçəkmişdən soruşub ki, əgər belədirsə, o zaman niyə bu illər ərzində Kamal Akimovdan hüquq-mühafizə orqanlarına şikayət etmirdi? Cavabında o “ürəyim belə istəyib, belə də eləmişəm” deyib.  
Akimov istintaq və məhkəmə dövründə azadlıqda qalıb, barəsində həbs-qətimkan tədbiri yoxdur. Artıq bu iş üzrə məhkəmə yekunlaşmaq üzrədir. Bu günlərdə prokuror çıxış edərək Akimova 11 illik həbs cəzası istəyib. Akimovun azadlıqda qalıb-qalmayacağı məhkəmə hökmünə bağlıdır.  
Uzun illərdir mətbuatda Kamal Akimovun Azərbaycan Silahlı Qüvvələrinin sabiq qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun oğlu ilə biznes ortaqlığı olduğu yazılır. Bildirilir ki, beton bloklar, yer daşı, səki daşı, qazon daşı, pilləkənlər və digər bu cür məhsulların istehsalı ilə məşğul olan “Keystone” MMC adlı şirkət 2010-cu ildə Kamal Akimov və Nəcməddin Sadıkovun oğlu Məhəmməd Sadıkov tərəfindən təsis olunub. Şirkətin qanuni təmsilçisi Akimov Kamal Akimoviçdir. 

Hazırda şirkətin dövlət büdcəsinə böyük miqdarda – 541 min 888 manat 20 qəpik vergi borcu var. Müşfiqabad-Sahil yolunun 6-cı kilometrində fəaliyyət göstərən zavod da Kamal Akimova məxsus olduğu bildirilən “Sterling Group” MMC tərəfindən inşa olunub. 

“Sterling Group” MMC 2003-cü ildən fəaliyyət göstərir. Bu şirkətin də ofisi “Keystone” MMC ilə eyni ünvanda – “Azure Plaza”da (Nobel pr. 15, 24-cü mərtəbə) yerləşir. Şirkətin direktoru Elvan Şıxəli oğlu Mirqəliyevdir. Bu şəxs həm də vaxtilə “Keystone” MMC-nin direktoru olub. Kamal Akimov 2013-cü ildə ABŞ-ın Kaliforniya ştatında “American Sterling Group, İNC” adlı şirkət də təsis edib. 

Bunlardan başqa 2016-cı ildə “Keystone” MMC-yə məxsus zavodun yerləşdiyi ünvanda - Müşfiqabad-Sahil yolunun 6-cı kilometrində Kamal Akimovun direktor olduğu “Sterling Group Ltd” MMC adlı daha bir şirkət təsis olunub. 

Xatırladaq ki, bir müddət əvvəl isə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Kamal Akimoviç Akimov barəsində məhkəmə iddiası qaldırmışdı. Bakı Kommersiya Məhkəməsində qaldırılan iddia vergi ödəyicisinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı idi.

 

Toplum TV