İraq məhkəməsi “kətaib”lərə qarşı hərəkətə keçib?

Bağdad Mərkəzi Cinayət Məhkəməsi amerikalı jurnalist Şelli Kitlesonun (keçən il martın 31-də qaçırılmışdı) qaçırılmasında təqsirli bilinən ən nüfuzlu silahlı qruplaşmalardan biri olan “Kətaib Hizbullah”ın görkəmli üzvü barəsində 15 il müddətinə azadlıqdan məhrumetmə hökmü çıxarıb. Bunun ardınca mart ayında həbs olunmuş və “Kətaib Hizbullah”a mənsub olduğu ehtimal edilən daha iki nəfərə Bağdadın “Yaşıl zona”sında xarici diplomatik missiyalara və ABŞ səfirliyinə hücumlarda iştirak etdiklərinə görə 15 illik həbs cəzası verilib.

Bağdadın Əl-Karx Cinayət Məhkəməsi də silahlı qruplaşmaya mənsub olan üç nəfər barəsində “Terrorla mübarizə haqqında” qanunun 4-cü maddəsinə əsasən 15 il müddətinə azadlıqdan məhrumetmə hökmü çıxarıb. Onlar ölkənin şimalındakı Kərkük vilayətində yerləşən “K1” bazasına - Terrorla Mübarizə Qüvvələrinin və İŞİD-lə Mübarizə Beynəlxalq Koalisiyasının Fransız heyətinin yaxınlığına “Katyuşa” raketləri atmaqda günahlandırılıblar.

İraq məhkəmə sistemindəki mənbə yaxın vaxtlarda İraq hərbi bazalarını, xarici missiyaları və ABŞ-ın Bağdaddakı səfirliyini hədəf alan cinayət əməliyyatları zamanı və ya sonradan saxlanılan şəxslər barəsində yeni hökmlərin elan ediləcəyini təsdiqləyib.

Mənbə vurğulayıb ki, “İraq məhkəmə hakimiyyəti ədaləti bərqərar etməkdə və dövlətin suverenliyinə, qanunlara qarşı hər hansı qəsdin qarşısını almaqda qərarlıdır”.

İraqda xarici qoşunların yerləşdiyi missiyaların, səfirliklərin və hərbi bazaların atəşə tutulması əməliyyatlarına ilk dəfə olaraq “terror cinayətləri” anlayışı tətbiq edilir. Bu hüquqi tərif məsələyə siyasi mövqe və ya istisna təhlükəsizlik hadisəsi kimi baxmaqdan imtina edərək, hücumlarla “Terrorla mübarizə haqqında” qanun çərçivəsində sərt şəkildə mübarizə aparılacağını göstərir.

Buna əsasən, İraq Məhkəmə Şurası bu hallara İraqın 2005-ci il tarixli 13 nömrəli “Terrorla mübarizə haqqında” qanununa uyğun yanaşır. Qanunun 4-cü maddəsində terror aktları törədənlər və ya bunda iştirak edənlər üçün edam cəzasına qədər çatan ağır sanksiyalar nəzərdə tutulur.

Siyasi və Ali Məhkəmə Şurasına yaxın mənbələr təsdiqləyiblər ki, bu maddə tətbiq ediləndən bəri bu hücumları həyata keçirənləri, planlaşdıranları və onların şərikini əhatə edən daha geniş cinayət təqibləri üçün şərait yaradılıb.

Həmin mənbələr bildirib ki, məhkəmə hakimiyyəti səfirliklərin və missiyaların vurulmasını İraq vətəndaşlarının həyatına təhlükə kimi dəyərləndirir. Çünki atəşə tutulan bir çox obyektlər məskunlaşmış ərazilərdə və ya onların yaxınlığında yerləşir ki, bu da iraqlıların həyatı üçün risk yaradır.

Mənbələr aydınlaşdırıb ki, “İraqın Məhkəmə Hakimiyyətinin rəhbəri Faiq Zeydan görüşlərində öz dron və raketlərini müəssisələrə və missiyalara tərəf yönəldən tərəflərlə mübarizədə güzəştə gedilməyəcəyini, məhkəmənin səsinin raketlərin partlayış səsindən daha uca olmalı olduğunu dəfələrlə bəyan edib”.

Lakin silahlarını dövlətə təhvil verməkdən imtina edən qrup üzvlərinin həbsi, öz mövqelərində israr edən iki tərəf arasında böyük bir münaqişə qapısı açır. İraq məhkəməsi qanunsuz silahların təhlükəliliyi barədə xəbərdarlıq edir və hökumət onları məhdudlaşdırmağa və ya nizama salmağa çalışır; dörd qruplaşma isə hələ də silahı təhvil verməkdən imtina edir.

Bundan öncə ABŞ təzyiqləri ilə İraqda “Federal Təhlükəsizlik Nazirliyi” adlı yeni bir nazirliyi yaradılması müzakirəyə çıxarılmışdı.

Məsələ ilə bağlı Parlamentin üzvü Amir Əbdülcabar bildirib ki, bu qruplar “müqavimət” adlandırdıqları fəaliyyətlərini Ərbildəki (İraq Kürdüstanı Regionunun mərkəzi) obyektlərə, amerikalıların yerləşdiyi məntəqələrə və İran kürd müxalifətinə zərbələr endirməklə davam etdirirlər. Bundan əlavə, xarici hərbi iştiraka qarşı kəskin ritorika, eləcə də qruplaşmalarla razılaşmayan və ya onlara qarşı çıxan istər ictimai xadimlər, istərsə də siyasətçilər və partiyalar barəsində xəyanət və casusluq ittihamları səsləndirilir.

Onun sözlərinə görə, “İraq hökuməti silahların yalnız dövlətin əlində toplanması istiqamətində indiyədək yaxşı irəliləyiş əldə edib. Məhkəmə sistemi qruplaşmaların və digər nəzarətsiz silahlar problemini həll etməyin vasitəsidir. Ziddiyyətli sanksiyaların sərtləşdirilməsi və elan olunması zəif qrupa təzyiq deyil, hüquqi və konstitusiya çəkindirmə halıdır”.

Əbdülcabar vurğulayıb ki, “İraq qüvvələri ABŞ-ın Bağdaddakı səfirliyini, diplomatik missiyaları və ya hərbi qüvvələri hədəf almağa hazırlaşan, yaxud əməliyyatlarını həyata keçirib qaçan onlarca təqsirləndirilən şəxsi izləyərək həbs edib. Bəzi zərbələr İraqa maliyyə itkiləri yaşatdığı üçün onların mühakimə olunması mütləq idi və biz parlamentdə bu addımları dəstəkləyirik”.

Buna qarşılıq olaraq “Kətaib Seyyidüş-şühəda” sözçüsü Kazım əl-Fərtusi bildirib ki, “müqavimət heç bir diplomatik missiyanı hədəf almayıb. Onlar yalnız Bağdaddakı ABŞ səfirliyinin binasını hədəf alıblar ki, orada xarici qüvvələri toplayan həqiqi hərbi düşərgə yerləşir və bu, İraqdakı işğalçı qüvvələrin bir hissəsidir. Buna görə də ABŞ səfirliyi diplomatik fəaliyyətlə deyil, iraqlıların mənafeyinə qarşı təhlükəsizlik və hərbi fəaliyyətlə məşğuldur”.

Daha sonra o əlavə edib: “Barələrində məhkəmə hökmü çıxarılan şəxslərin hamısı müqavimət qruplarına mənsub deyil, belə ki, qrupları razılaşmadığımız bəzi əməllərə cəlb etməyə çalışan başqa tərəflər də var”.

 

Az.shafaqna.com