Fransada hicab qadağan edilə bilər

Fransanın ifrat sağçı “Milli Birlik” partiyasının deputatı Jan-Filip Tanqi bildirib ki, 2027-ci il prezident seçkilərində partiyası qalib gəlsə, hicab taxan qadınlar üçün cərimələrin tətbiq edilməsini planlaşdırılır.

Onun sözlərinə görə, RN-in namizədi Marin Le Pen seçkilərdə qalib gəlsə, partiya qadınları hicab taxdıqları üçün cərimələmək niyyətindədir. “Biz islamçı ideologiyaya qarşı qətiyyətlə mübarizə aparacağıq”, – deyə Tanqi bildirib.

Deputat qadınların hicab taxmasına qarşı çıxış edib. Tanqi bildirib ki, Fransada hicab taxan qadınların sayının artmasından narazıdır. O, “hicabla bağlı vəziyyətin nəzarətdən çıxdığını” deyib.

İfrat sağçı deputatın açıqlamaları, xüsusilə ifrat solçu siyasi qüvvələrin nümayəndələri tərəfindən tənqid olunub.

İctimai yerlərdə hicab taxılmasının qadağan edilməsi artıq ifrat sağçı partiyanın seçkiqabağı vədləri sırasındadır.

Xatırladaq ki, iki turlu seçkilərin birinci turunun 18 aprel, ikinci turunun isə 2 may 2027-ci ildə keçirilməsi planlaşdırılır.

Fransada dövlət qulluqçuları tərəfindən dini simvolların taxılmasına qoyulan qadağanın əhatə dairəsi 2004-cü ildə genişləndirilib və bu qadağa ibtidai və orta məktəb şagirdlərinə də şamil olunmağa başlayıb.