Saakaşvilinin azadlığa buraxılması ilə bağlı yeni dinləmə yanvarın 11-nə təyin edilib

Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvilinin səhhətinə görə azadlığa buraxılması ilə bağlı vəsatətə baxan Tbilisi şəhər məhkəməsinin növbəti iclası yanvarın 11-nə təyin edilib.

Operativtv.com Reporta istinadən xəbər verir ki, bu barədə Gürcüstanın "İnterpressnews" agentliyi məlumat yayıb.

Bundan əvvəl “Empati” qeyri-hökumət təşkilatının ekspertləri Saakaşvilinin bədənində ağır metallar, o cümlədən civə izləri aşkar ediblər. Onların sözlərinə görə, siyasətçinin həbslə bir araya sığmayan on diaqnozu var. Gürcüstan Ədliyyə Nazirliyinin Xüsusi Penitensiar Xidməti bildirib ki, Saakaşvilidən götürülən testlər zəhərli maddələrin olmadığını göstərib.

Saakaşvili 2021-ci ilin oktyabrında Gürcüstana gizli şəkildə gəlib və bundan sonra həbs edilərək Rustavi şəhərindəki həbsxanaya yerləşdirilib. O, özünü siyasi məhbus adlandıraraq aclıq aksiyasına başlayıb. Sabiq prezidentin səhhəti pisləşdikdən sonra o, həbsxana xəstəxanasına, daha sonra isə hərbi hospitala köçürülüb. 2021-ci ilin dekabrında Saakaşvili cəzasını Rustavidəki həbsxanada çəkməyə davam edib, lakin may ayında o, Tiflisdəki “Vivamed” özəl klinikasına aparılıb və bu günə qədər oradadır. Sabiq prezident həbsxanada ağır xəstəliklərə tutulduğunu dəfələrlə bəyan edib.